Baş səhifə   » COĞRAFİYA    » Qoruqlar   

Qoruqlar

  


 

Azərbaycanın Qarabağ ərazisində 3 təbiət qoruğu fəaliyyət göstərirdi:

Türyançay Dövlət Təbiət Qoruğu
1958-ci il mayın 6-da Ağdam və Yevlax rayonlarının ərazisində dəniz səthindən 400 – 650 m hündürlükdə təşkil olunmuşdur. Qoruğun iqlimi mülayim-isti, qışda qurudur. Sahənin 73%-ni meşə zolaqları təşkil edir, qalan sahələr meşəsizdir. 4 növ ardıc kolları yayılıb. Qoruqda 60 növ ağac və kolluqlar mövcuddur. Qoruğun heyvanlar aləmi sayca az olsa da, tərkibi çox müxtəlifdir. Burada 24 növ məməli, 20 növ sürünən, 112 növ quş, 3 növ suda – quruda yaşayan heyvan mövcuddur.

Bəsitçay Dövlət Təbiət Qoruğu
Bəsitçay Dövlət Təbiət Qoruğu Azərbaycan hökumətinin 4 iyul 1974-cü il tarixli qərarı ilə Zəngilan rayonunda yaradılmışdır. Qoruq Azərbaycanın cənub-qərbində, Zəngilan rayonu ərazisində Bəsitçayın dərəsində yerləşir.
Qoruğun yerləşdiyi ərazi əsasən dağlıq olub, dəniz səviyyəsindən hündürlüyü 600-800 m-ə qədərdir. Qoruq ərazisi qışı quraq keçən mülayim-isti iqlim tipinə aiddir.
Bəsitçay Dövlət Təbiət Qoruğunun 100 hektarını çinar meşələri tutur. Onlar Bəsitçayın və onun qolu Şıxavuzçayın dərəsində yerləşir. Burada həm təmiz, həm də qarışıq çinar meşəliyi yayılmışdır. Qarışıq çinarlıqlarda qoz, dağdağan, tut, söyüd, qovaq və s. ağac, yemişan, itburnu, murdarça, qaratikan və s. kollar inkişaf edir. Qoruğun ətraf sahələrində, bəzən də özündə canavar, çaqqal, tülkü, çöl donuzu, porsuq, cüyür, boz dovşan, müxtəlif gəmiricilər və s. məməlilərə, kəklik, turac, göyərçin və s. quşlara rast gəlinir.

Qaragöl Dövlət Təbiət Qoruğu
Qaragöl Dövlət Təbiət Qoruğu 17 oktyabr 1987-ci il tarixində Azərbaycan və Ermənistan Respublikalarının direktiv orqanlarının qərarı ilə yaradılmış və respublikalararası dövlət qoruğu elan edilmişdir. Qaragöl Dövlət Təbiət Qoruğu Laçın rayonu ilə Gorus rayonu sərhəddində dəniz səviyyəsindən 2658 metr hündürlükdə yerləşir.
Ərazi üçün qışı quraq keçən soyuq iqlim tipi hakimdir. Qoruğun gölü əhatə edən quru ərazisi yüksək dağlıq qurşağın səciyyəvi alp çəmənliklərindən ibarətdir. Qoruğda 102 bitki növ və yarım növü vardır ki, bunlar 68 növ və 27 ailədən ibarətdir, əsas nadir və endemik bitkilər qoruğun sərhədlərindən kənarda qalır.
İşıqlı Qaragöl və onun ətraf ərazisi tarixən Azərbaycan torpağı olmuşdur. Lakin Ermənistan tərəfindən işğal altında olması qoruğun aqibətinə mənfi təsir göstərir.



Oxunub: 51395