Baş səhifə   » FACİƏLƏR    » Cənubi Azərbaycanda törədilən qırğınlar   

Cənubi Azərbaycanda törədilən qırğınlar

  


Faktlar əsasında sübut edilir ki, Cənubi Azərbaycanda törədilmiş erməni-aysor vəhşilikləri ermənilərin müsəlmanlara qarşı yeritdikləri soyqırımı siyasətinin tərkib hissəsi idi.
Birinci Dünya müharibəsi İrandakı ziddiyyətləri daha da kəskinləşdirmişdi. Antanta ittifaqına daxil olan İngiltərə ilə Rusiyanın, Almaniya ilə Türkiyənin İran barəsində xüsusi planları mövcud idi. ABŞ da öz növbəsində İranda nüfuzunu artırmağa çalışır və bu məqsədlə İrana göndərdiyi amerikalı missionerlərin fəaliyyətindən geniş istifadə edirdi. Müharibə ərəfəsində adı çəkilən dövlətlərin hər biri öz xeyrinə Cənubi Azərbaycanın qərb bölgələrində kürdlər, aysorlar və ermənilər arasında milli zəmində toqquşma və qırğınlar törədirdilər.
I Dünya müharibəsinin Cənubi Azərbaycanda yaratdığı mürəkkəb şəraitdən və qarışıqlıqdan istifadə edən erməni silahlı dəstələri aysorlarla birlikdə Xoy, Salmas, Soyuqbulaq və bu şəhərlərin ətraf kəndlərinə hücum edərək bazar və evləri çapıb-talamağa, günahsız və silahsız azərbaycan türklərini böyükdən-kiçiyə görünməyən vəhşiliklə məhv etməyə başladılar. Belə qırğınlar Urmiyada xüsusi qəddarlıqla həyata keçirilirdi. Yalnız türk ordu hissələrinin həmin bölgəyə daxil olması buradakı kəndlərin, Urmiya və b. şəhərlərin əhalisinin kütləvi şəkildə soyqırımının qarşısını aldı. Lakin türk qoşunları bu yerlərdən getdikdən sonra Cənubi Azərbaycanın Türkiyə və İraqla həmsərhəd bölgələrində ermənilər, aysorlar və kürdlər azərbaycanlıları yenidən qırmağa başladılar. Bu qırğınlar bolşevik hökuməti tərəfindən rus hərbi hissələrinin çox pərakəndə şəkildə 1918-ci ilin əvvəlində İrandan çıxarıldığı vaxt daha faciəli şəkil almışdı. Aydındır ki, Birinci Dünya müharibəsinin iştirakçısı olan böyük dövlətlər Şərq ölkələrini yenidən nüfuz dairələrinə bölmək məsələsində vəhşi erməni quldurlarını əllərində alətə çevirmişdilər və onlardan istədikləri kimi istifadə edirdilər.

Rus hərbi hissələri Cənubi Azərbaycanı tərk etdikdən sonra ingilislər bu yerlərə öz xüsusi hərbi dəstələrini göndərdilər. 1918-ci ilin baharınadək onlar Zəncan, Miyanə, Xoy və Urmiyanı ələ keçirdilər. Eyni zamanda Cənubi Azərbaycanın şimal-qərbində bu dövlətlərin təhrikilə aysorlar, kürdlər və ermənilər azərbaycanlılara qarşı əsl mənada soyqırımı həyata keçirirdilər. Yalnız Urmiya bölgəsində ermənilər 150 min, Xoy bölgəsində isə 50 min Azərbaycan əhalisini qətlə yetirmişlər. Türkiyə ərazisinin Şərqi Anadolu bölgəsində isə 200 min azəri türkü qətlə yetirildi. Beləliklə Rusiya ərazisinə daxil olmayan Yaxın Şərq bölgəsində 400 min azəri türkü ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir.
Azərbaycan Demokratik Partiyası Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə həmin qırğınların qarşısının alınması üçün fəlakət yerlərinə-Şərəfxan Salman, Urmiya və b. bölgələrə silahlı dəstələr göndərdi. Bu qüvvələr qırğının qarşısının alınmasında mühüm uğurlar qazandılar.
Birinci Dünya müharibəsi bir çox ölkələr kimi İrana, Cənubi Azərbaycana da böyük dağıntılar, qırğınlar, bahalıq, qıtlıq, aclıq və s. kimi bədbəxtliklər gətirdi. Müharibə Cənubi Azərbaycanın təsərrüfat həyatını tənəzzülə uğratdı. O faciəli günlərin canlı şahidlərindən olan Əli Dehqaninin «Zərdüşt Peyğəmbərin yurdu Urmiya» (farsca), Məhəmməd Təməddunin «Urmiya tarixi» (farsca) əsərlərində azərbaycanlılara qarşı ermənilərin törətdikləri soyqırımın acı nəticələrindən bəhs edilir. 
Fars şovinizminin dahi təbliğatçısı kimi tanınan Seyid Əhməd Kəsrəvi də «On səkkiz illik Azərbaycan tarixi» əsərində Azərbaycan xalqına qarşı aparılmış bu qırğın siyasətindən yan ötə bilməmişdir.
Ə.Kəsrəvinin kitabında göstərilir ki, Van gölü ətrafında aysorlar Türkiyə kürdlərinə məğlub olub Cənubi Azərbaycan ərazisinə sığındı. Yerli camaatın «cilo» adlandırdığı 25 min aysoriyalı rusların xristian təəssübkeşliyi ilə Azərbaycan ərazisində yerləşdirildi. Onlar bir çox hallarda yerli əhalinin mal-mülkünü zorla əlindən alır, müqavimət göstərənləri isə qətlə yetirirdilər. Bu işdə ermənilər daha fəal mövqe tuturdular, köməksiz və silahsız mülki azərbaycanlıları qətlə yetirirdilər. 
Azərbaycanlıların soyqırımın gözləri ilə görmüş Motemed-Əlvözəra öz qeydlərində belə məlumat verirdi: «Səhərə kimi atışma kəsilmədi. Səhər hökumət mərkəzinə gəldim. Raportlardan məlum oldu ki, gecə dəhşətli faciələr baş verib. Çilolarla ermənilər hücum edib təxminən 500 evi odlayıblar, azərbaycanlı əhalini qətlə yetiriblər. Qırğın səhəri gün də davam etmişdi. Həmin gün qırğında 10 minə yaxın günahsız azərbaycanlı qadın və uşaq qətlə yetirilmişdi”. Həmin günlərin qanlı xronikasını əks etdirən salnamə kimi Əli Dehqaninin «Zərdüşt yurdu Urmiya» əsərində axır çərşənbə günü azərbaycanlıların başına gətirələn müsibətlər haqqında yazılardan: “Amerikanın Urmiyadakı konsulu Mister Şedin hiyləsi ilə tərkisilah olunmuş azərbaycanlılarla müzakirədən sonra urmiyalılar aldandıqlarını başa düşdülər. Bu günü Günəş ili 1226-cı il, İsfənd ayının 26-sı - axır çərşənbə (17 mart, 1918) Urmiya şəhərində erməni daşnaqları və çiloların 10 min nəfərə yaxın azərbaycanlı qırğınının şahidiyəm».
Azərbaycanlılara qarşı soyqırımı təşkil edən ermənilər təkcə aysorlardan deyil, yerli kürdlərin hərbi gücündən də istifadə etmək məqsədilə gizli danışıqlar aparırdılar. Bu işdə hiylə işlədib aysor başçısı Marşimonu irəli verən ermənilər onun kürd lideri Simetko ilə görüşünü təşkil edirlər. Görüş zamanı sözləri çəp gəldiyindən Simetko Marşimonu öldürmüş və ermənilərin bu məkrli təklifinə qarşı çıxmışdır. Marşimonun ölümündən sonra hərbi hakimiyyətə erməni Ağa Petros başçılıq etmişdir. Ə.Kəsrəvi yazır ki, Ağa Petrosun başçılığı ilə keçirilən qanlı ixtişaşlar zamanı Salmasda bircə abad kənd belə qalmadı. Çarəsiz qalan xalq öldürülür, imkanı olanlar qaçıb gedirdi. O gün olmurdu ki, Urmiyada adam qətlə yetirilməsin… Urmi, Salmas, Xoy şəhərləri və bu şəhərlər arasında olan kəndlərdə Azərbaycan türklərinin soyqırımı və talanlarının davam etdiyi bir vaxt Osmanlı Ordusu onların yardımına gəldi və azərbaycanlıları bəlkə də yox olmaq təhlükəsindən qurtardı. Osmanlı ordusu 1918-ci ilin iyun ayında Xoy şəhərinə çatdı. Ordu oradan Salmasa doğru hərəkət edib erməni-aysor birləşmələrinə həmlə etdi. Petros bu döyüşə Urmiyadan topxana da gətirmişdi. Bir neçə günlük müharibədən sonra erməni ordusu dağıdıldı, onlar ailələrini, mal-qaralarını götürüb qaçmağa başladılar…
Həmin il Böyük Ermənistan yaratmaq fikrində olan daşnaq partiyasının başçısı Andronik Xoy şəhərini ələ keçirmək və erməni-aysor qoşunlarına birləşmək üçün 8000 nəfərlik hərbi qüvvə ilə Culfa yolundan Xoy şəhərinə tərəf hərəkət etdi. Ermənilər belə qərara gəlmişdilər ki, Xoy şəhərini tutub, onun əhalisini qırandan sonra on min erməni ailəsini burada məskunlaşdırmaqla Azərbaycanın bu hissəsini Ermənistana birləşdirsinlər...
Osmanlı ordusu özünü Salmas tərəfdən Xoya çatdırdı. Bunu eşidən Xoy əhalisi sevinərək müqaviməti gücləndirdi. Nəhayət, Osmanlı qoşunu yetişərək topları dağ başında qurdu, erməni ordusunu atəşə tutdu. Ermənilər qalib olmaq ümidlərini itirib gəldikləri yolla geri dönüb qaçdılar.»
Lakin bu məğlubiyyətdə azərbaycanlıların soyqırımına son qoymadı. Erməni yeni planlar cızır, müdafiə həlqəsi zəif olan şəhərlərə lokal hücumlar edib, yeni faciələr törədirdilər. Düşmənlər öz məkrli planlarında rusların Urmiya gölündəki hərbi gəmisindən istifadəni də nəzərdə tuturdular. O gəmi 180 nəfərlik erməni-aysor hərbiçisinin əlində idi. Məqsəd bu gəmidə toplar yerləşdirib Şərəfxan limanına çıxmaq, limandakı gəmiləri ələ keçirib yeni hərbi əməliyyata başlamaq idi. Bu niyyətə qovuşmaq üçün onlar hər cür cinayətə əl atır, dinc əhalini, din xadimlərini belə qətlə yetirirdilər. Erməni-aysorların gizli niyyətlərini faş edən Ağa Mirməhəmməd Pişnamaz Xalxalinin qətli erməni vəhşiliyinin bariz nümunəsi idi.
Əhməd Kəsrəvi qeyd edir ki, ermənilər Urmiyadan qaçarkən yollarda, kəndlərdə olmazın vəhşiliklər törədirdilər: «... Onlar Osmanlı ordusunun yaxınlaşdığını görüb şəhəri tərk etdilər. Bu dəhşətli hadisələrdə ermənilər və aysorlar 10 min nəfərdən çox azərbaycanlını öldürdülər. Çarəsiz xalq altı ay zülm və işgəncələrdən sonra erməni və aysorların qaçdığını görüb sevindi». 



Oxunub: 38730