Baş səhifə   » COĞRAFİYA    » Relyef   

Relyef

  



Hal-hazırda işğal altında olan Azərbaycanın Qarabağ  ərazisinin əsas geomorfoloji vahidləri Kiçik Qafqazda yerləşir. Qarabağın ərazisi şimal-qərbdən cənub-qərbə doğru tədricən alçalır. Azərbaycan daxilində işğal olunmuş dağların ən mühüm geomorfoloji vahidləri Şahdağ, Murovdağ, Göyçə, Qarabağ silsiləsi və Qarabağ vulkanik yaylasıdır.
Şahdağ silsiləsi Azərbaycanla Ermənistan sərhəddi boyunca uzanaraq Göyçə gölü hövzəsi ilə Kür çayı hövzəsi arasında suayrıcı təşkil edir. Şahdağdan şərqə doğru Murovdağ silsiləsi uzanır, onun ən uca zirvəsi Gamışdağdır (3774m). Murovdağdan cənub-qərbə doğru uzanan Qarabağ silsiləsi Araz çayına doğru davam edir. Onun mütləq hündürlüyü Böyük Kirs dağında 2725 m-ə çatır. Bu silsilələn qərbdə Kaynozoy erasında əmələ gəlmiş 2000-3000 m mütləq yüksəkliyə malik Qarabağ vulkan yaylası yerləşir. Dördüncü dövrün vulkan püskürmələri məhsulları yaylanın səthini örtmüş, vulkanın sönmüş konusları isə yüksəkliklər əmələ gətirmişdir. Yaylada ən böyük vulkanlar İşıqlı və Qızılboğazdır.

Azərbaycan ərazisində 5 tektonik zona yerləşir. Hər tektonik zona iri relyef formalarına müvafiq gəlir. İşğal olunmuş Qarabağ torpaqları bu tektonik zonalardan bir hissəsi olan Kiçik Qafqaz qalxmasının çox hissəsini əhatə edir. Burada çoxlu geoloji sturukturlar mövcuddur. Qarabağ torpaqları Kiçik Qafqaz dağlarının cənub-şərq hissəsini əhatə edir. Onun relyefi çox mürəkkəbdir. Burada uca, parçalanmış dağ silsilələri, hamar yamaclı alçaq dağ tirələri, dağarası çökəkliklər, dərin dərələr bir-birini əvəz edir.
Qarabağ silsiləsi Murovdağın cənubundan başlayaraq Araz çayına qədər uzanır. Bu silsilə Böyük və Kiçik Kirs, Qırxqız dağlarından və onların tirələrindən ibarətdir. Qarabağ silsiləsindən qərbə, Ermənistan sərhəddinə qədər geniş ərazini Qarabağ Vulkan yaylası əhatə edir. Yaylanın hündürlüyü 3000 m-ə çatır. Onun üzərində çoxlu hamarlaşmış tirələr və sönmüş vulkanlar var. Böyük İşıqlı (3552m) vulkanın iki konusu yaylanın cənub qərbində, Ermənistan sərhəddindən ucalır. Lava örtüyündən şərqə Mezozoyun turş intruziv süxurlarından ibarət Dəlidağ (3616m) yerləşir.
Qarabağ Vulkan yaylası qərb hissələri ekzotikliyi ilə fərqlənir.
Qarabağın düzənlik hissəsinin mütləq hündürlüyü 0-400 m arasında dəyişir. Bu ərazilər ancaq 4-cü dövrdə çayların gətirdiyi daşlardan, qumlardan, gillərdən yaranmışdır.
Qarabağ ərazisindəki Dəlidağ Kiçik Qafqazda maqmatik mənşəli dağdır. Mıxtökən silsiləsinin ən yüksək zirvəsi olan bu dağda alp və subalp çəmənlikləri vardır. Yamaclarında qədim buzlaq izləri qalmışdır. Dəlidağ Kəlbəcər və Laçın rayonları sərhədindədir.
Keçəldağ isə Qarabağ yaylasında yerləşir. Sönmüş vulkan konusudur. Hündürlüyü 3171 m – dir. Pliosenin vulkan süxurlarından təşkil olunmuşdur. Yamaclarında qədim buzlaq relyefi formaları inkişaf etmişdir. Zirvəsi qayalıqdır. Alp çəmənləri, perlit yatağı (Keçəldağ perlit yatağı) vardır. Kəlbəcər rayonu ərazisindədir.



Oxunub: 46431