Baş səhifə   » İNZİBATİ BÖLGÜ    » DQMV-nin yaranması haqqında dekret   

DQMV-nin yaranması haqqında dekret

  


Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması
(Azərbaycan Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin "Dağlıq Qarabağ Muxtar Vilayətinin" yaradılması haqqında 7 iyul 1923-cü il tarixli Dekreti olduğu kimi)


Keçmiş Rusiya İmperiyasında milli azlıqları əsarətdə saxlayan çar mütləqiyyəti hətta azlıqda qalan ayrı-ayrı milliyyətləri bir-birinin üstünə salışdırmaqla məhv etməyə əl atmaqdan belə çəkinmirdi.
Zaqafqaziyada 1905-ci ildə erməni-müsəlman qırğını velikorus mütləqiyyətinin məhvedici siyasətinə ən yaxşı sübut ola bilər. Zaqafqaziyanın inqilabi fəhlə kütlələri onların sərmayəsinin zülmünə qarşı öz hiddətlərini açıq şəkildə bildirdiyi həmin vaxtlarda çar generalları Vorontsov-Daşkovların əli ilə tarixən bir-biri ilə doğma olmuş iki xalqın - ermənilər və müsəlmanların arasında ədavət toxumu səpildi.
Bu özünü Zaqafqaziya milli azlıqlar üzərində ağalığı ön plana çəkən bir ovuc milli şovinistlərin - müsavatçıların, daşnakların və menşeviklərin, Qərb kapitalı nökərlərinin rəhbər rolu ələ keçirdikləri üç "müstəqil dövlətə" parçalananda özünü bütün çılpaqlığı ilə bir daha göstərdi. Bu "dövlətlərin" mövcud olduqları qısa müddət ərzində Qarabağ dağlarında və Zaqafqaziyanın digər hissələrində əməkçi kəndlilərin qanı az tökülmədi.
Hansı formada təzahür etməsindən asılı olmayaraq milli zülmün və qeyri-bərabərliyin məhv edilməsi, milli ədavətin və nifrətin zəhmətkeşlərin beynəlmiləl həmrəyliyi, vahid dövlət ittifaqında xalqların qardaşcasına əməkdaşlığı ilə əvəz edilməsi fəhlə-kəndli inqilabının və sovet hakimiyyətinin əsas vəzifələrindən biridir.
Bu vəzifənin yerinə yetirilməsi naminə Azərbaycan Sovetləri Mərkəzi İcraiyyə Komitəsi qərara alır:
1. Dağlıq Qarabağın ermənilər yaşayan hissəsində mərkəz Xankəndi olmaqla, ASSR-in tərkib hissəsi olaraq Muxtar Vilayət yaradılsın.
2. Muxtar Vilayətin idarə orqanları bunlardır: Vilayət İcraiyyə Komitəsi və yerli sovetlər.
3. Vilayət icraiyyə komitəsi yaradılana qədər müvəqqəti inqilab komitəsi yaradılsın, ona 2 aydan gec olmayaraq daimi icraiyyə orqanının seçilməsi üçün sovetlər qurultayını çağırmaq vəzifəsi həvalə edilsin.
Qeyd: Bütün otlaqlar, meşələr, bağlar, torpağa və suya faktik sahiblik indiki sahiblərinin ixtiyarında saxlanılır.
4. Vilayət icraiyyə komitəsi bütün zəruri maliyyə və texniki vəsaitlərlə bilavasitə AzMİK-nin sərəncamı ilə Azərbaycan SSR-in ümumi vəsaitlərindən təchiz olunur.
5. Vilayətin əsasnaməsini işləyib hazırlanması və inzibati vahidlərin faktik olaraq Qarabağ Muxtar Vilayətinə verilməsi və habelə Muxtar Vilayətin sərhədlərinin müəyyənləşdirilməsi üçün Dağlıq Qarabağ, düzən Qarabağ, Kürdüstan və ASSR mərkəzi hakimiyyətinin nümayəndələrindən ibarət qarışıq komissiya yaradılsın, ona (komissiyaya) öz işini bu il avqustun 15-dək başa çatdırmaq vəzifəsi həvalə edilsin.

AzMİK Rəyasət Heyəti sədrinin əvəzinə: M.B.Qasımov

AzMİK katibi: M.Xanbudaqov

SSRİ Fəhlə-Kəndli Hökumətinin 1923-cü il üzrə qanunlar və sərəncamlar külliyyatı. Bakı şəhəri, 1925-ci il, səh. 384-385



Oxunub: 55069