Baş səhifə   » COĞRAFİYA    » Qarabağın florası   

Qarabağın florası

  



Azərbaycan Respublikasının ərazisi zəngin floraya malikdir. Burada 4500-dən çox çiçəkli, ali sortlu bitki növü yayılmışdır. Növlərin ümumi sayına görə Azərbaycanın florası Cənubi Qafqaz respublikalarının ən zənginidir. Belə ki, respublikada yayılan bitki növləri Qafqazda bitən bitki növlərinin ümumi miqdarının 66%-ini təşkil edir.
Azərbaycan Respublikasında floranın zəngin və bitki örtüyünün rəngarəng olması, onun fiziki-coğrafi və təbii-tarixi şəratinin müxtəlifliyi və həmçinin uzaq floristik sahələrin təsiri altında formalaşmış mürəkkəb tarixi ilə əlaqədardır. 
Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində 247 352 hektar meşə sahələri qalmışdır. Buradakı bitkilərin çoxu endemik növlər olub dünyanın heç bir yerində təbii halda bitmir.

Qarabağın ərazisində yayılmış bitkilər əsasən bunlardır:
Hirkan şümşadı – pirkal (İlex hyrcana Pojark) - Relikt növdür. Nəslinin kəsilməsi təhlükəsi var. Xankəndi yaxınlığında Badara və Daşaltı kəndləri ətrafında rast gəlinir. Dağınıq halda fıstıq, fıstıq-vələs və qarışıq meşələrdə kolluq kimi təsadüf edilir.
Qafqaz xədicəgülü (Galanthus caucasicus (Baker), A.Gross) - Nərgizçiçəklilər fəsiləsindəndir. Arealı azalmaqda olan nadir növdür. Şuşada (Keçəl-Qaya və Topxana ətrafında) və Füzulidə bitir. Meşənin nisbətən açıq hissələrində və kənarlarında ağac və kolların ətrafında bitir. Ehtiyatı çox azdır.
Komarov birəotusu – Mürəkkəbçiçəklər fəsiləsindəndir. Azərbaycanın nadir endemik növüdür. Dağlıq Qarabağın alp qursağı qayalarında bitir. Növə nadir hallarda rast gəlinir.
Gözəl təkəsaqqal (Sjorzonera pulchra Lomak) – Mürəkkəbçiçəklər fəsiləsindəndir. Çox nadir endemik növdür. Azərbaycanda yalnız Dağlıq Qarabağda Xocavənd rayonunda Ziyarət Dağında və Topxana ərazisində rast gəlinir. Orta dağ qurşağından başlayaraq subalp qurşağına kimi qayalı-çınqıllı yamaclarda bitir.
Gözəl telegiya – Mürəkkəbçiçəklər fəsiləsinə aiddir. Nadir bitki növüdür. Dağlıq Qarabağda və Kəlbəcərdə Yuxarı Ayrım kəndində yayılmışdır. Orta Dağlıq və subalp qurşaqlarının meşələrinin hündür otluq və dağ çəmənlərində bitir. Tək-tək təsadüf edilir.
Məxməri gərməşov (Euonymus velutina Fisch. et Mey) – Gərməşov fəsiləsinə aiddir. Nadir relikt növdür. Yuxarı Qarabağda Xocəvənd rayonunda yayılmışdır. 1800 m-rə qədər yüksəkliyə kimi olan işıqlı meşələr, dağ yamaclarında və dərələr boyu bitir.
Ağacvari fındıq-ayı fındığı - Fındıq kimilər fəsiləsinə aiddir. Nəsli kəsilməkdə olan relikt növdür. Kəlbəcər rayonu Çiçəkli meşəsində bitir. Orta dağlıq qurşağında (dəniz səviyyəsindən 1000-1700 m yüksəklikdə), enliyarpaqlı fıstıq-vələs, palıd-vələs meşələrində qarışıq halda bitir.
Adi şabalıd – Fındıqkimilər fəsiləsindəndir. Arealı tədricən azalan relikt növdür. Yuxarı Qarabağda Xankəndi ətrafında yayılmışdır. Dəniz səviyyəsindən 600-1100 m yüksəklikdəki dağlıq qurşağın şimal yamaclarında dağ vadiləri və dərələrin yamaclarında rütubətli qonur gillicəli torpaqlarda bitir.
Araz palıdı – Fıstıqkimilər fəsiləsindəndir. Nadir endemik növdür. Zəngilan rayonunda (Bartaz, Göyəli, Ördəkli, Sayıflı, Keçikli, Yuxarı Yeməzli kəndinin ətrafında) yayılmışdır. Aşağı dağlıq qurşaqda dəniz səviyyəsindən 1000-1300 metr yüksəklikdə bitir. Kserofit seyrək meşə əmələ gətirir. Zəngilan rayonunda 10 min hektar sahədə nadir bitki kimi qorunurdu.
Şoranyer qarğasoğanı – Süsənkimilər fəsiləsinə aiddir. Zəngilan rayonu ətrafında yayılmışdır. Yox olmuş növ olduğu ehtimal olunur.
Qarabağ dağlaləsi (Tulpa karabashensis Gross) - Zanbaqkimilər fəsiləsinə aiddir. Cənubi Zaqafqaziyanın nadir endemik növüdür. Dağlıq Qarabağın Şuşa, Topxana, Domu, Tağ və Tuğ kəndləri ətrafında yayılmışdır. Dəniz səviyyəsindən 1800 metr hündürlüyünə kimi daşlı-çınqıllı yamaclarda bitir. Tək-tək rast gəlinir.
Şmidt dağlaləsi (Tulipa schmidtii Fomin) – Zanbaqkimilər fəsiləsindəndir. Cənubi Zaqafqaziyaya məxsus, tükənməkdə olan endemik növdür. Xocavənd, Şuşa, Cəbrayıl rayonlarında yayılmışdır. Quru, otlu yamaclarda kolluqlar arasında bitir.
Sağsağan gülxətmisi (Alcea sachsashanica İljin) – Əməköməcikimilər fəsiləsindəndir. Azərbaycanın nadir endemik növüdür. Xankəndində, Şuşada (Sağsağan dağı və Cıdır düzü) və Xocavənddə yayılmışdır. Dəniz səviyyəsindən 1700 metrə qədər hündürlükdə quru daşlı yamaclarda bitir.
Uzunyarpaq tozbaş səhləb (Cephalanthera longifolia (L.) Fritsjh) - Arealı kiçilməkdə olan və az rast gəlinən nadir növdür. Xankəndi ətrafında rast gəlinir. Aşağı və orta dağlıq qurşaqlarının meşələri və kol pöhrəliklərində bitir.
Qafqaz qaş səhləbi (Ophrys caucasica Woronow ex Grossh) – Qafqazın nadir endemik növüdür. Cəbrayıl, Qubadlı rayonları ərazisində, orta dağlıq qurşağın qayalıqları arasında, otlu yamaclarda, meşə kənarlarında, kolluqlarda bitir.
Natam limodorum – Monotip cinsli çox nadir bitki növüdür. Dağlıq Qarabağın meşə qurşağında seyrək meşələrdə, kolluqlar arasında, meşə kənarlarında bitir.
Şərq çinarı (Platanus orientalis L. (P. digitifolia Palb)) – Ehtiyyatı azalmaqda olan relikt növdür. Zəngilan rayonunun Bəsitçay və Oxçuçay vadilərində, Ağdərədə yayılmışdır. Çay sahillərində, dəniz səviyyəsindən 1000 m yüksəkliyə kimi dərələr boyunca qurunt sularının kifayət qədər rütubətləndirdiyi sahələrdə bitir. Bəsitçay Dövlət Təbiət qoruğunda mühafizə olunurdu.
Təkdənli buğda (Triticum monococcum L) - Çox nadir növdür. Dağlıq Qarabağda Xankəndi, Topxana ətrafında, Şuşa, Laçın rayonlarında yayılmışdır. Quru, çınqıllı, qumlu, gilli yamaclarda az münbit torpaqlarda bitir. Mühüm seleksiya əhəmiyyəti var.
Adi nar – Təbii sərhədlərdə miqdarı azalan relikt növdür. Zəngilan və Cəbrayıl rayonlarında yayılmışdır. Quraq yamaclarda çay vadilərində bitir.
Adi meşə gilası – Yoxa çıxmaq həddinə çatmış nadir növdür. Laçın, Ağdərə rayonlarında yayılmışdır. Orta və yuxarı dağlıq qurşaqlarında meşə kənarında, daha çox enliyarpaqlı meşələrin tərkibində bitir.
Qırmızı Tubulqa (Pyracantha coccinea Roem) – Şərqi Aralıq dənizi sahillərinə məxsus nadir növdür. Dağlıq Qarabağda, Şuşa yaxınlığında Daşaltı kəndində yayılıb. Çay boyu çınqıllıqlarda, meşə kənarlarında, seyrək meşələrdə, kolluqlarda dəniz səviyyəsindən 1800 m yüksəkliyə qədər daşlı yamaclarda rast gəlinir.
Qafqaz Xanımotusu – Ehtiyatı və arealı azalmaqda olan Avropa mənşəli növdür. Kiçik Qafqazın dağ fıstıq meşəliyində, yol kənarlarında, dərələrdə bitir.
Giləli Qaracöhrə (Taxus baccata L) - Nadir relikt növdür. Xocavənd və Kəlbəcər rayonlarında yayılmışdır. Dəniz səviyyəsindən 1900 m yüksəkliyə kimi fıstıq-vələs növlərində meşəaltı kimi təsadüf edilir. Mövcud ağacları qorumaq və becərilməsini təşkil etmək lazımdır.
Zaqafqaziya canavargiləsi - Arealı kiçilməkdə olan nadir bitki növüdür. Cəbrayıl, Qubadlı rayonlarında yayılmışdır. Orta dağlıq qurşağından başlamış 2900 m yüksəkliyə qədər kirəcli əhəngdaşlı quru yamaclarda bitir.
Vələsyarpaq azat (Zelkova carpinifofolia (Pall) C.Koch. (Z.hyrcana Grossh. Et Jarm)) – Qafqazın və İranın nadir relikt bitkisidir. Dağlıq Qarabağda Xankəndi, Şuşa, Xocavənd, Füzuli rayonlarında yayılmışdır. Qarabağın cənub-şərqində gürcü palıdı ilə qarışıq və ya təmiz meşələri var.
Meşə üzümü (Vitis silvestris Gmel) – Arealı azalmaqda olan nadir növdür. Xocavənd, Zəngilan (Ağbənd kəndi) rayonlarında yayılmışdır. Çay subasarları və meşələrdə bitir.
Alp vudsiyası – Çox nadir növ olub arkto-alp reliktidir. Cəbrayıl rayonunda təsadüf olunur. Yuxarı dağlıq və Alp qurşaqlarında qaya çatlarında, daşlı və qayalı yerlərdə bitir. Yüksək dekorativ və elm üçün əhəmiyyətli növdür.
Ağıriyli ardıc (Juniperus foetidissima Willd) – nadir növ olub dəniz səviyyəsindən 1000 m yüksəkliyə qədər aşağı və orta dağlıq qurşaqların daşlı-qayalı, quru yamaclarında bitərək Cəbrayıl rayonunun Çullu, Qazanzəmi, Şıxlar kəndləri ərazisində yayılmışdır.
Fişer şternbergiyası (Sternbergiya fischeriana (Herb)Roem) – nadir, arealı azalan növ olub, əsasən, orta və aşağı dağlıq qurşaqların quru yamaclarında bitərək göstərilən ərazidə Şuşa rayonunun Topxana ərazisində, Ağdam rayonunun Göytəpə, Füzuli rayonunun Dövlətyarlı kəndləri ətrafında (Qaraköpəktəpə və Yelligədik ərazisi) yayılmışdır.
Hirkan ənciri (Fikus hyrcana Grossh) - Azərbaycanın endemik bitki növü olub aşağı dağlıq qurşağın rütubətli-mülayim iqlim şəraitində bitir. Şuşa, Xankəndi ətrafında yayılmışdır.
İtikənarlı süsən (İris acutiloba C.A.Mey) – nadir, məhdud arealı Qafqaz endemikidir. Quru gilli-qumlu, daşlı yamaclarda və dənizkənarı qumluqlarda bitərək Xocavənd (Kuropatkino kəndi ətrafı) və Şuşa ətrafında (Topxana) yayılmışdır.
Kamilla süsəni (İris camillae Grossh) – nadir məhdud endemik növdür. Quru, çınqıllı, daşlı yamaclarda bitərək göstərilən ərazidə Ağdam və Əsgəran ətrafında yayılmışdır.
Kuznetsov əsməsi (Anemone kusnetzowii Woronow ex Grossh) – yoxa çıxmaqda olan Cənubi Qarabağ endemik növü olub aşağı dağlıq qurşaq, kolluqlar arasında bitərək keçmiş SSRİ məkanında yalnız Azərbaycanda – Cəbrayıl rayonunun Daşkəsən və Güzlah kəndləri arasında rast gəlinirdi.
Nazikçiçək tıs-tıs (Acantholimon tenutiflorum Boiss) - Azərbaycanın məhdud arealı endemik növü olub quru-gilli, çınqıllı yamaclarda bitir. Tərtər rayonunun Borsunlu kəndi ətrafında rast gəlinir.
Yuliya dağlaləsi (Tulipa schmidtii Fomin) - Şimali İran mənşəli nadir növ olub quru əhəngli və daşlı yamaclarda bitir. Göstərilən ərazidə Cəbrayıl rayonu Soltanlı qəsəbəsi ətrafında yayılmışdır.
Azərbaycan ağgülü (itburnu, dərgül) (Rosa Azerbajdzhanica Novopokr et Rzazade) – Azərbaycanın nadir endemik növü olub orta dağlıq qurşağın daşlı, çınqıllı yamaclarında bitir. Kəlbəcər şəhəri ətrafında rast gəlinir.
Azşüalı dağçətiri (Peucedanum pauciradiatum Tamasch) – nadir endemik növ olub (Qafqaz) aşağı və orta qurşağın quru daşlı və çınqıllı yamaclarında bitərək Zəngilan rayonunun Ağbənd kəndi ətrafında yayılmışdır.
Qaya dovşanalması (Cotoneaster saxatilis Pojark) – Azərbaycanın nadir endemik növüdür. Daşlı yamaclarda, kolluqlarda bitir. Zəngilan rayonu Ağbənd kəndi ərazisində rast gəlinir.
Xarı bül-bül – Azərbaycanın nadir endemik növüdür. Əsasən Qarabağ ərazisində rast gəlinir. Xüsusi gözəlliyi ilə seçilir.

Qeyd edək ki, hal-hazırda Qarabağın zəngin florasının bir hissəsi məhv olmuş, bir hissəsi isə  erməni işğalçıları tərəfindən məhv olmaq təhlükəsi ilə üz-üzədir. 



Oxunub: 40030