Baş səhifə   » COĞRAFİYA    » Qarabağın etnik tərkibi   

Qarabağın etnik tərkibi

  


XX yüzilliyin əvvəllərində erməni tarixçisi N.Adons ermənilərin mənşəyindən bəhs edərkən göstərirdi ki, e.ə.VII yüzillikdə kimmer tayfalarının axınları nəticəsində Kiçik Asiyada öz yerlərindən sıxışdırılan Friqiya erməniləri Fərat çayını keçərək yerli aramey əhalisi ilə qarışdılar. Gəlmə friqiyalıların aramey mənşəli aborigenlərlə qarışmasından erməni xalqının özəyi formalaşdı. Ermənilərin ikili adı - hayk və armenius onların özəyinin ikili tərkibi haqqında ən yaxşı sübutdur. Keçən yüzilliyin əvvəllərində başqa bir erməni müəllifi B.İşxanyan yazırdı: “Ermənilərin həqiqi vətəni… Kiçik Asiyadır, yəni Rusiya hüdudlarından kənardadır və Zaqafqaziyada bir neçə sırf erməni əyalətindən başqa (başlıca olaraq İrəvan quberniyasında) Qafqaz ərazisinin müxtəlif hissələrinə ermənilər yalnız son yüzilliklər ərzində səpələniblər”. 
Dağlıq Qarabağın (Arsaxın) Albaniyanın tarixi vilayətlərindən biri olmasını ilkin orta çağ erməni tarixçiləri Ananiya Şiraklı, Moisey Xorenli və b. təsdiq edirlər. Musa Kalankatlının “Alban tarixi”ndə Arsax ərazisində ermənilərin yaşaması haqqında heç bir məlumata rast gəlmək mümkün deyildir. 

1823-cü il Qarabağ əyalətinin kameral təsviri materiallarının tədqiqi göstərir ki, həmin dövrdə Qarabağ ərazisində bir şəhər, 629 kənd tipli yaşayış məskəni olmuşdur. Bu kəndlərin 436-sı azərbaycanlı, 161-i erməni, 2-si qarışıq, 30-u isə etnik mənsubiyyəti göstərilməyən kəndlərdir. 1823-cü il sayımında erməni yaşayan 2, hətta 1 evi olan məntəqələr də erməni kəndi kimi qeyd olunur. Bu fakt göstərir ki, etnik mənsubiyyəti göstərilməyən kəndlərin əksəriyəti türk mənşəli əhalidən ibarət olmuşdur.
Tarixi faktlar sübut edir ki, Rusiya-İran müharibəsi zamanı Qarabağ xanlığını yalnız türk mənşəli əhali tərk etmişdi. 1823-cü il kameral sayımı ermənilərin Qarabağı tərk etməsini demək olar ki, qeydə almamışdır. Əksinə, həmin sayım materialları göstərir ki, 1817-1823-cü illərdə Qarabağ xanlığına Xoy, Bəyazid, Van və İranın müxtəlif bölgələrindən erməni mənşəli əhalinin mühacirəti baş vermişdi. 1828-ci il aprelin 24-də Paskeviç köçürmə siyasətinə başçılıq edən Lazarevə köçkünləri böyük hissəsinin, xüsusilə də ən kasıbların Qarabağa aparılması göstərişini vermişdi.
Hələ 1911-ci ildə rus tədqiqatçısı N.Şavrov göstərirdi ki, 1828-1830-cu illər ərzində İrandan 40000, Türkiyədən 84600 erməni Zaqafqaziyaya köçürülərək, erməni əhalisinin yox dərəcəsində olduğu Yelizavetpol və İrəvan quberniyalarında, xüsusilə də, Yelizavetpol quberniyasının dağlıq hissəsində və Göyçə gölü sahilində məskunlaşdırılmışdı. Şavrov yazırdı ki, hazırda Zaqafqaziyada yaşayan 1 milyon 300 min ermənidən 1 milyondan artığı gəlmə ermənilərdir.

1828-ci il fevralın 10-da imzalanmış "Türkmənçay müqaviləsi"nin XV maddəsi ermənilərin köçürülməsini nəzərdə tuturdu. Ermənilərin köçürülməsini təşkil etmək üçün İrəvan və Naxçıvanda köçürmə komitələri yaradıldı. Köçkünlərə mühüm imtiyazlar verildi: onlar 6 il müddətində vergi və mükəlləfiyyətlərdən azad edildi, onlara İrandan alınan təzminat hesabına vəsait verildi. Rus imperatoru I Nikolayın 21 mart 1828-ci ildə verdiyi fərmanına görə Azərbaycanın Naxçıvan və İrəvan xanlıqları ləğv olunmuş, onların yerində rus hakimləri tərəfindən idarə olunan «Erməni mahalı» adlanan yeni inzibati qurum yaradılmışdır. 1849-cu ildə bu mahalın adı dəyişdirilərək İrəvan quberniyası qoyulmuşdur. 1922-ci ilin sonlarında Qarabağın dağ və aran inzibati ərazi vahidlərinə bölünməsi məsələsi növbəti dəfə qaldırılır. Bu məsələ ilə bağlı Qarayev, Dövlətov və Mirzoyandan ibarət komissiya təklif hazırlayıb Zaqafqaziya Vilayət Komitəsinin plenumuna təqdim etdi. Vilayət Komitəsinin tövsiyəsi ilə Azərbaycan Kommunist partiyası 1923-cü ilin iyulun 1-də Qarabağın Dağlıq hissəsininə muxtariyyət hüququ verdi və iyulun 7-də qərar elan edildi. Beləliklə DQMV yarandı.
Dağlıq Qarabağ Muxtar Vilayəti o zamankı rəhbər işçilərin məsuliyyətsizliyi ucbatından coğrafi vəziyyətinə görə deyil, etnik vəziyyətinə görə ermənilərin xeyrinə təşkil edildi. Misal üçün, Ağdərə rayonunun 10-20 km yaxınlığında olan Azərbaycan türk kəndləri vilayətə daxil edilmədi, 40-60 km-dəki erməni kəndlər bu inzibati quruma daxil edildi. Beləliklə Qarabağın dağlıq və aran hissəsi bir-birindən ayrıldı.
1989-cu il siyahıyaalma zamanı vilayətin əhalisi içərisində azərbaycanlıların sayı 40,6 min nəfərə çatmışdı. Zaman-zaman azərbaycanlıların tarixi vətənlərindən zorakılıqla deportasiya edilməsi bu rəqəmlərin artım tempinə öz mənfi təsirini göstərmişdir. 



Oxunub: 48215