Baş səhifə   » BÖLGƏ ÖZƏLLİYİ    » Xarıbülbül   

Xarıbülbül

  



Xarı bül-bül – Azərbaycanın nadir endemik növüdür. Əsasən Qarabağ ərazisində rast gəlinir. Xüsusi gözəlliyi ilə seçilir. Qarabağın, xüsusilə Şuşanın rəmzidir. 
Xarıbülbülün digər adı da var – Qafqaz qaş Səhləbi. O, toxumla çoxalan çoxillik bitkidir. Xarıbülbül orxideyalar (lat.Orchidaceae) fəsiləsinə, ofris (lat.Ophrys) cinsinə aiddir. Ofris cinsinin 50-dən çox növü var və bunların bir çoxu Azərbaycanın müxtəlif bölgələrində və ümumiyyətlə Qafqaz və Zaqafqaziya ərazisində mövcuddur. Digərləri isə Türkiyə, Yunanıstan, Krım və başqa yerlərdə bitir. 

Xarıbülbül adlandırdığımız bitki latınca – Ophrys Caucasica və ya Ophrys Mammosa adlanır. Ophrys – yunan mənşəli sözdür, mənası “qaş” deməkdir. Ofrislər bir çox orxideyalar kimi, kök toxumasında müştərək surətdə yaşayan və bitkiyə lüzum olan simbiotik göbələklərdən asılıdır. Məhz bu səbəbdən bu bitkiləri başqa yerdə əkmək olmur – onlar məhv olur. Ofrislərin tozlanması zərqanadlı həşəratların köməyi ilə baş verir və onların çiçəkləri həmin həşəratların formasını və görünüşünü təkrarlayaraq, həşəratları özünə cəlb edir. Göbələklərdən və müəyyən növ həşəratlardan asılı olması Ofrisləri ətraf mühitin dəyişilməsinə çox həssas edir. Buna görə də bu bitkilər nadir bitkilər hesab olunurlar. Onlar dövlət tərəfindən qorunurlar. Xarıbülbül (Ophrys Caucasica) və Ofrislərin bir çox başqa növləri isə hətta Qırmızı kitabda qeydə alınıblar.



Oxunub: 53515