Baş səhifə   » MÜNAQİŞƏ BMT-də    » BMT TŞ sənəd 26 aprel 1995   

BMT TŞ sənəd 26 aprel 1995

  


Təhlükəsizlik Şurasının 1995-ci il aprelin 26-da 3525-ci iclasında "Dağlıq Qarabağda vəziyyətə dair" sərlövhəli bəndə baxılması ilə əlaqədar Təhlükəsizlik Şurasının sədri Təhlükəsizlik Şurasının adından aşağıdakıları bəyan etmişdir:
Təhlükəsizlik Şurası özünün 884 saylı qətnaməsinin 8-ci bəndinə uyğun olaraq ATƏT-in Dağlıq Qarabağa dair Minsk Konfransının həmsədrlərinin təqdim etdiyi məruzələrə (S/1995/249 və S/l995/321) baxmışdır.
Təhlükəsizlik Şurası 1994-cü il mayın 12-də Rusiya Federasiyasının vasitəçiliyi və ATƏT-in Minsk qrupu ilə qarşılıqlı fəaliyyət sayəsində razılaşdırılmış atəşkəsin bir ilə yaxın müddətdə saxlanılmasından məmnunluğunu bildirir.
Eyni zamanda, Təhlükəsizlik Şurası Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda və onun ətrafında münaqişədən və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında gərginlikdən təkrarən narahatlığını bildirir. Təhlükəsizlik Şurası, xüsusilə bu yaxınlarda baş vermiş zorakı hadisələrlə əlaqədar narahat olduğunu bildirir və 1995-ci il fevralın 6 da razılaşdırıldığı kimi, hadisələrin nizamlanmasında birbaşa əlaqələr mexanizmindən istifadə edilməsinin vacibliyini vurğulayır. O, qətiyyətlə tərəfləri belə hadisələrin gələcəkdə qarşısının alınması üçün bütün zəruri tədbirləri görməyə çağırır.
Şura regionun bütün dövlətlərinin suverenliyi və ərazi bütövlüyünə əsaslanan özünün bütün qətnamələrini təsdiq edir. O, həmçinin beynəlxalq sərhədlərin toxunulmazlığını və ərazi zəbt edilməsi üçün gücdən istifadənin yolverilməzliyini təsdiqləyir.
Təhlükəsizlik Şurası qoşunların geri çəkilməsini təmin etməklə münaqişənin bütün tərəflər üçün əsas nəticələrini aradan qaldıracaq və Minsk Konfransının çağırılmasına imkan yaradacaq, silahlı münaqişənin dayandırılmasına dair siyasi saziş bağlanması üçün sürətli danışıqlar keçirilməsinə yönələn Minsk Konfransı
həmsədrlərinin bütün səylərinə özünün dəstəyini yenidən göstərməyə başlayır.
Təhlükəsizlik Şurası vurğulayır ki, sülh nizamlanmasını əldə etmək üçün əsas məsuliyyəti münaqişə tərəfləri daşıyır. Təhlükəsizlik Şurası silahlı münaqişənin dayandırılmasına dair siyasi sazişin BMT Nizamnaməsi və ATƏT-in müvafiq prinsipləri əsasında bağlanılmasının zəruriliyini bildirir. O, qətiyyətlə tərəfləri, hər hansı bir ilkin şərtlərsiz və prosedur maneələrsiz konstruktiv danışıqlar aparmağa, sülh prosesini sarsıda biləcək istənilən hərəkətlərdən çəkinməyə çağırır. O vurğulayır ki, belə sazişin əldə edilməsi ATƏT-in çoxmillətli sülhməramlı qüvvələrinin yerləşdirilməsi üçün ilkin şərtdir.
Təhlükəsizlik Şurası ATƏT-in Budapeşt sammitinin 1994-cü il 6 dekabr tarixli "Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi" qərarını alqışlayır. O, tərəflər arasında silahlı münaqişələrin dayandırılmasına dair saziş olarsa, ATƏT-in çoxmillətli sülhməramlı qüvvələrinin mümkün yerləşdirilməsinə dair lazımi qətnamələrlə davamlı siyasi dəstək verməyə hazır olduğunu təsdiqləyir.
BMT, həmçinin texniki məsləhətlər və ekspert rəyi verməyə hazırdır.
Təhlükəsizlik Şurası tərəflərin Minsk qrupu çərçivəsində 1994-cü il aprelin 15-də razılaşdırıldığı kimi, etimad yaradılmasına dair tədbirləri, xüsusilə də humanitar sahədə, o cümlədən bütün hərbi əsirlərin və mülki saxlanılmaların atəşkəsin birinci ildönümünə qədər azad edilməsinin yerinə yetirilməsinin zəruriliyini vurğulayır. O, tərəfləri silahlı münaqişədən zərər çəkmiş mülki əhalinin iztirablarının qarşısını almağa çağırır.
Təhlükəsizlik Şurası Baş katibə, ATƏT-in sədrinə və ATƏT-in Minsk qrupunun həmsədrliyinə öz tələbini yeniləşdirir ki, Minsk prosesinin irəliləyişi, yerlərdə vəziyyəti, xüsusilə müvafiq qətnamələrin yerinə yetirilməsi, ATƏT və BMT arasında indiki və gələcək qarşılıqlı fəaliyyət haqqında Şuraya məruzə etməyi davam etdirsinlər. Şura bu məsələyə baxmaqda davam edəcək.



Oxunub: 13148