Baş səhifə   » FƏSADLAR    » Kənd təsərrüfatına vurulan ziyan   

Kənd təsərrüfatına vurulan ziyan

  


İşğal altında olan Yuxarı Qarabağ zonası Azərbaycanın iri kənd təsərrüfatı regionu olmuşdur. Əlverişli dağarası və dağətəyi düzənlikləri və hamar səthi yaylaları olan və yaxşı rütubətlənən Kiçik Qafqazın işğal olunmuş hissəsi kənd təsərrüfatının bitkiçilik və heyvandarlıq sahələrinin inkişafına geniş imkanlar yaradır. Kənd təsərrüfatının tərkibində taxılçılıq, yem istehsalı, üzümçülük, tütünçülük, kartofçuluq, pambıqçılıq, ətlik-südlük heyvandarlıq və xüsusilə qoyunçuluq daha üstün yer tuturdu.
Yuxarı Qarabağın qədimdən inkişaf etdirilən üzümçülük sahəsinə 70-ci illərdən sonra daha böyük diqqət yetirildi. Üzümçülük və şərabçılığın inkişafı ilə bağlı olaraq yeni texnikası və şərab zavodları olan ixtisaslaşdırılmış iri sovxoz-zavodlar yaradıldı. Regionda yeni əmtəəlik məhsul kimi inkişaf etdirilən sahələrdən biri də tütünçülük idi.

Ermənistanın təcavüzü nəticəsində həmin ərazidə fəaliyyət göstərən bir çox kənd təsərrüfatı müəssisələri, o cümlədən, kolxozlar, sovxozlar, təsərrüfat birlikləri və aqrofirmalar öz fəaliyyətlərini dayandırdılar. Beləliklə, işğal olunmuş ərazilərdə 1988-ci ildən qalan 311 kənd təsərrüfatı müəssisəsi, 145 yeni yaradılmış, müasir texnika ilə təchiz olunmuş üzümçülük-şərabçılıq sovxozları və xüsusilə, məşhur Qarabağ cins-cıdır atları yetişdirən Ağdam atçılıq sovxozu, 135 kolxoz və 31 təsərrüfatlararası müəssisələr dağıdıldı. Kənd təsərrüfatının maddi texniki bazasını təşkil edən 1365 avto-qoşqu nəqliyyatı və 3425 müxtəlif əkin və qoşqu traktorları, taxıl və pambıq yığan kombaynlar və s. çıxarıla bilmədiyindən işğal ərazilərində qaldı.
İşğal olunmuş ərazilərdə 7296 ədəd hidroqurğular, 36 ədəd nasos stansiyaları, 26 ədəd suvarma sistemləri, 18 ədəd suvarma sisteminin baş qurğuları, 1200 km təsərrüfatlararası suvarma kanalları, 5600 km təsərrüfatdaxili sistemləri sıradan çıxarılmış, 127,7 min ha keyfiyyətli suvarılan torpaqlar qalmışdır. 
Azərbaycan Respublikasında istehsal edilən taxılın 14,3%-i, üzümün 31,5, ətin 14,5, südün 17,1, yunun 19,3 və baramanın 17%-i işğal olunmuş rayonların payına düşürdü. Özü də bu rayonlarda ekoloji cəhətdən ən təmiz və keyfiyyətli kənd təsərrüfatı məhsulları yetişdirilirdi.



Oxunub: 34184