Baş səhifə   » FƏSADLAR    » Münaqişənin fəsadları   

Münaqişənin fəsadları

  



Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisi və onun ətrafındakı 7 inzibati rayonu işğal altına düşmüşdür.
1988-1993-cü illərdə işğal edilmiş Azərbaycan əraziləri:
Dağlıq Qarabağ: işğal tarixi – 1988-1993-cü illər, ərazisi 4400 kv km. (Şuşa, Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə);
Laçın rayonu: işğal tarixi - 17 may 1992-ci il, ərazisi – 1875 kv km;
Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 1936 kv km
Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1154 kv km;
Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv km;
Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1139 kv km;
Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 826 kv km;
Zəngilan rayonu: işğal tarixi - 30 oktyabr 1993-cü il, ərazisi - 707 kv km.

Beləliklə, Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal edilmiş, 20 mindən çox insan qətlə yetirilmiş, 50 mindən artıq adam yaralanmış və şikəst olmuşdur. Bir milyondan artıq insan 20 ilə yaxındır ki, qaçqın və məcburi köçkün şəraitində yaşayaraq Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım siyasətinin qurbanı olmuş, elementar insan haqlarından məhrum edilmişdir.
İşğal nəticəsində 900-dən artıq yaşayış məntəqəsi talan edilmiş, yandırılmış və dağıdılmış, 6 min sənaye, kənd təsərrüfatı müəssisəsi və digər obyektlər məhv edilmiş, ümumi yaşayış sahəsi 9 mln m2-dən artıq olan 150 min yaşayış binası dağıdılmış, 4366 sosial mədəni obyekt, eyni zamanda 695 tibb ocağı məhv edilmişdir.
İşğal edilmiş ərazilərdə kənd təsərrüfatı sahəsi, su təsərrüfatı, hidrotexniki qurğular, bütün nəqliyyat və kommunikasiya xətləri tam sıradan çıxarılmışdır. Dağıntılar nəticəsində iqtisadiyyata 60 milyard ABŞ dollarından artıq ziyan dəymişdir.
Hərbi təcavüz zamanı ələ keçirilmiş Azərbaycan ərazilərində 927 kitabxana, 464 tarixi abidə və muzey, 100-dən çox arxeoloji abidə, 6 dövlət teatrı və konsert studiyası dağıdılmışdır. Talan edilmiş muzeylərdən 40 mindən çox qiymətli əşya və nadir eksponat oğurlanmışdır. Belə ki, Kəlbəcər tarix diyarşünaslıq muzeyi yerlə yeksan olunduqdan sonra muzeyin ekspozisiyasına daxil olan nadir qızıl və gümüş zinət əşyaları, ötən əsrlərdə toxunmuş xalçalar Ermənistana daşınmışdır. Şuşadakı tarix muzeyinin, Ağdamdakı çörək muzeyinin, Zəngilandakı Daş Abidələr muzeyinin də taleyi belə olmuşdur. Oğurlanmış və məhv edilmiş bu tarixi-mədəni sərvətlərin dəyərini müəyyənləşdirmək, pulla qiymətləndirmək mümkün deyildir. Bir sözlə, Ermənistan Respublikası «Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında» Haaqa Konvensiyasının və «Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında» Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğuldur.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrində Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınmasına və işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi tələblərinə baxmayaraq, Ermənistan Respublikası bu gün də işğalçılıq siyasətini davam etdirir.

İşğal edilmiş ərazilərdə olan Ermənistan hərbi qüvvələri
Tank 316
Artilleriya 322
ACV 324
Şəxsi heyət 40 000

İşğal olunmuş ərazilərə qanunsuz köçürülən əhali
Dağlıq Qarabağ 8 500
Laçın 13 000
Kəlbəcər 700
Zəngilan 520
Cəbrayıl 280
Cəmi 23 000

Dağlıq Qarabağ və ona bitişik ərazilər də daxil olmaqla, Naxçıvan Muxtar Respublikasının 1, Ağdam rayonunun 80, Füzuli rayonunun 54, Tərtər rayonunun 13 və Qazax rayonunun 6 kəndi hələ də işğal altındadır.



Oxunub: 46443