Baş səhifə   » QARABAĞ MÜNAQİŞƏSİ    » Atəşkəsin əldə edilməsi   

Atəşkəsin əldə edilməsi

  



Azərbaycanın mərhum prezidenti Heydər Əliyev ölkədə sabitliyin möhkəmləndirilməsi, bütün sahələrdə inkişafın sürətləndirilməsi üçün atəşkəs sazişinin imzalanmasının zəruriliyini önə çəkdi və bu istiqamətdə ciddi səylər göstərməyə başladı. Nəhayət, dövlət başçısının gərgin səyi nəticəsində 1994-cü il mayın 12-də atəşkəs sazişi imzalandı. 

Atəşkəsin qısa tarixi
1994-cü il mayın 4-də Qırğızıstanın paytaxtı Bişkekdə MDB Parlamentlərarası Assambleyasının iclası çərçivəsində Qarabağ münaqişəsində atəşkəslə bağlı danışıqlar başlanmışdır. Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqlarda Azərbaycanı vitse-spiker Afiyəddin Cəlilov, Ermənistanı parlamentin sədri Babken Ararksyan təmsil etmişdir. Minsk qrupunun rusiyalı nümayəndəsi Vladimir Kazimirov tərəfindən hazırlanmış atəşkəs sənədində Dağlıq Qarabağın erməni icmasın ayrıca tərəf kimi qeyd olunmuşdur. Buna görə də təbii olaraq Azərbaycan tərəfi onu imzalamaqdan imtina etmişdir.
1994-cü ilin mayın 8-də Rusiyanın ATƏT-in Minsk qrupundakı təmsilçisi V.Kazimirovun Bakıya gətirdiyi "Bişkek protokolu" Azərbaycan tərəfindən imzalanmışdır. 
1994-cü il 12 mayda Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında saziş - "Bişkek protokolu" qüvvəyə minmişdir. Sənədə Ermənistan və Azərbaycanın parlament sədrləri, həmçinin Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının rəhbərləri imza atmışdılar.
Azərbaycan tərəfi sənədə iki əlavə ilə imza atmışdı.
Protokolun 5-ci abzasında "tutulmuş ərazilər" sözü "işğal olunmuş ərazilər"lə əvəzlənmiş və atəşkəsdən sonra cəbhə xəttində yerləşdiriləcək müşahidəçilərin isə "beynəlxalq müşahidəçilər missiyası" olması qeyd olunmuşdu.
Sənədə əsasən, tərəflər tezliklə beynəlxalq vasitəçilik sayəsində "Böyük sülh sazişi" imzalamalı idilər.



Oxunub: 34391