Baş səhifə   » QARABAĞ MÜNAQİŞƏSİ    » ATƏT-in Minsk qrupu   

ATƏT-in Minsk qrupu

  



1992-ci il yanvarın 30-da Azərbaycan Respublikası Avropa Təhlükəsizlik və Əməkdaşlığa dair Müşavirənin (ATƏM) üzvü oldu və həmin il iyulun 8-də ATƏM-in Helsinkidə keçirilən zirvə toplantısında onun sənədlərini imzaladı.
1992-ci ilin fevral ayından başlayaraq Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ATƏM-in diqqət obyektinə çevrildi. Fevralın ortalarında ATƏM-in xüsusi missiyası Azərbaycanda oldu. Fevralın 27-28-də ATƏM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin (YVŞK) Praqada keçirilən 7-ci iclasında münaqişə bölgəsində olan missiyanın məruzəsi dinlənildi. Dağlıq Qarabağın Azərbaycan Respublikasına mənsub olmasını təsdiq edən sənəddə, sərhədlərin dəyişdirilməməsi şərti ilə, münaqişənin sülh yolu ilə həllinə çağırış öz əksini tapdı.
ATƏM-in YVŞK-nin martın 13-14-də Helsinkidə keçirilən 8-ci iclasında münaqişənin davam etməsi və onun dinc siyasi vasitələrlə aradan qaldırılması yolları müzakirə olundu. Bu görüşdən sonra ATƏM-in YVŞK-nin sədri Yan Kubişin (Çexoslovakiya) başçılıq etdiyi nümayəndə heyəti martın 19-23-də ikinci dəfə münaqişə bölgəsinə səfər etdi. Dağlıq Qarabağ, Bakı və Yerevanda olan nümayəndəliyin məqsədi Qarabağda atəşin dayandırılması, ATƏM-in müşahidəçilərinin münaqişə bölgəsində yerləşdirilməsi imkanlarını öyrənmək idi.

1992-ci il martın 23-24-də Helsinkidə ATƏM-in YVŞK 9-cu iclasında münaqişə bölgəsində atəşi dərhal dayandıraraq münaqişə edən bütün tərəfləri ATƏM-in çərçivəsində Dağlıq Qarabağa dair sülh konfransının tezliklə keçirilməsi üçün hər cür şərait yaratmağa çağırdılar. ATƏM-in Xarici İşlər Nazirləri şurasının martın 24-də keçirilən birinci əlavə görüşündə Dağlıq Qarabağda vəziyyət müzakirə olundu. ATƏM-in Nazirlər şurası YVŞK-nin zəmanəti əsasında münaqişənin sülh yolu ilə nizamlanması istiqamətində aparılan danışıqların səmərəliliyini təmin etmək üçün ATƏM-in
Dağlıq Qarabağa dair sülh kofransının çağırılması haqqında qərar qəbul etdi.
Nazirlər razılaşdılar ki, Minskdə çağırılacaq konfrans ABŞ, Rusiya, Türkiyə, Fransa, Almaniya, İtaliya, İsveç, Çexoslovakiya (onu sonradan Macarıstan əvəz etdi), Belorus, Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə keçirilsin.
1992-ci il mayın 1-də ATƏM-in YVŞK-nin Helsinkidə keçirilən 10-cu iclasında Dağlıq Qarabağa dair konfransın təşkili, iclasların keçirilməsi şərtləri, sədrin səlahiyyətləri və s. haqqında YVK-nin qərarı qəbul edildi. Minsk Konfransının reallaşması üçün yaradılan eyni adlı Minsk qrupu münaqişənin nizamlanması istiqamətində fəaliyyət göstərməli, münaqişə həll ediləndən sonra isə məsələnin həllində neytral, regionda maraqlı dövlət olmadığını nəzərə alaraq, Belorusun paytaxtı Minsk şəhərində konfrans üzvü olan dövlətlər toplanmalı və Yekun sənədi qəbul etməli idilər.
1994-cü ilin dekabrında keçirilən Budapeşt zirvə toplantısında Minsk Konfransında və Qrupunda həmsədrlik institutu yaradıldı. Qəbul edilən qərara əsasən, həmsədrlik funksiyası Rusiya və Finlandiyaya tapşırıldı. 1997-ci ilin yanvarında isə Minsk Konfransında və Qrupunda üçtərəfli həmsədrlik təsis edildi və hazırda ABŞ, Rusiya və Fransa həmsədrlik funksiyasını həyata keçirirlər.



Oxunub: 5