Baş səhifə   » QARABAĞ MÜNAQİŞƏSİ    » Münaqişənin tarixi   

Münaqişənin tarixi

  


Tarixi faktlar göstərir ki, XIX əsrə kimi nəinki Qarabağda, ümumilikdə Azərbaycanda bir nəfər də olsun erməni yaşamamışdır. Onların bu ərazidə məskunlaşdırılması Rusiya imperiyasının həmişə özəl siyasi maraqlarına xidmət etmişdir. XIX əsrdə bütün Şərqi Avropada, o cümlədən Rusiyada cərəyan edən hadisələr (Rusiya-Türkiyə, Rusiya-İran müharibələri) Azərbaycanın şimal qonşusunun regionda mövqelərinin getdikcə zəifləməsinə gətirib çıxarırdı. Rusiya cənub sərhədində müsəlman və türk ölkəsinin mövcudluğundan da ciddi narahatlıq keçirirdi və elə buna görə də Şimali Azərbaycanda ermənilərin məskunlaşdırılması ideyasını reallığa çevirmək barədə düşünməyə başladı.
1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələrinin bağlanmasından sonra ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi prosesi kütləvi hal aldı. Bu dövrdə Türkiyədən 86 min, İrandan isə 40 min erməni indiki Ermənistanın ərazisi olan Qərbi Azərbaycan torpaqlarına köçürüldü. Ermənilər əsasən Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarının ərazisində yerləşdirildi. Bundan sonra da Azərbaycanın parçalanması cəhdləri davam etdi və burada erməni vilayəti yaradıldı. Doğrudur, sonralar, 1846-cı ildə bu vilayət ləğv edildi, bununla belə, ermənilərin Azərbaycan ərazilərində məskunlaşdırılması prosesi tarixdə öz mənfi izini qoydu.

Ermənilərin Qafqazda məskunlaşdırılması müxtəlif dövrlərdə mərhələli şəkildə həyata keçirilmişdir. Təxminən 200 il əvvəl Rusiya çarı bir qisim erməni əhalisinin Dərbənd və Qubaya köçürülməsi barədə fərman imzalamışdır. "Dərbənd və Müşkir ermənilərinin imtiyazları və sərbəst hərəkət etmək hüququ haqqında" adlanan bu fərmanda ermənilərə kifayət qədər geniş hüquqlar verilmiş və onların həyat şəraitinin yaxşılaşdırılması üçün münbit torpaqlara köçürülmələrinin vacibliyi qeyd olunmuşdu. 1723-cü ildə isə Rusiya çarı I Pyotr 12 sentyabr tarixli müqavilə əsasında Bakı, Dərbənd və Quba ərazilərinə ermənilərin köçürülməsi üçün xüsusi yerlər ayrılması barədə fərman imzalamışdır. 1726-cı ildə II Yekaterina ermənilərə xüsusi mərhəmət göstərməyin və onları himayə etməyin zəruriliyini ifadə edən fərman vermişdir. 1729-cu ildə Rusiya çarının fərmanı ilə bir qrup erməni məliyi Rusiya təbəəliyinə qəbul olunmuşdur. 1799-cu ildə çar I Pavel ermənilərin Qazax ərazisində məskunlaşdırılmasına kömək üçün Kartli-Kaxetiya çarlığına xüsusi göstəriş vermişdir.
Ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi nəinki ayrı-ayrı fərmanlarda və göstərişlərdə, hətta dövlətlərarası sazişlərdə belə öz əksini tapırdı. 1828-ci ildə Rusiya ilə İran arasında imzalanmış Türkmənçay sülh müqaviləsində belə bir maddə də öz əksini tapmışdı ki, İranda yaşayan ermənilərə sərbəst surətdə Rusiya ərazisinə keçmək hüququ verilir. Bununla da əslində ermənilərin Azərbaycan ərazilərinə köçməsi üçün zəmin yaradılırdı. Çünki Rusiya əraziləri dedikdə məhz İrana daha yaxın olan Azərbaycan nəzərdə tutulurdu. 1828-
1829-cu illərdə baş vermiş Türkiyə-Rusiya müharibəsindən sonra Türkiyədəki ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi barədə razılıq əldə olunmuşdu. Bunun reallaşdırılmasını sürətləndirmək məqsədilə Rusiyada xüsusi komitə yaradılmış və 12 maddəni əhatə edən ümumi qaydalar müəyyənləşdirilmişdi. Pyotrun vəsiyyətlərinə istinad edən bu siyasətin əsas məqsədi Azərbaycan ərazisini etnik baxımdan parçalamaq və burada xristian xalqlarının yerləşdirilməsini həyata keçirməklə cənubdan gələ biləcək təhlükələrə qarşı sipər yaratmaqdan ibarət olmuşdur. Beləliklə də ermənilər tədricən Azərbaycan ərazilərində yerləşdirilir, onlar üçün burada yaxşı şərait yaradılır və münbit torpaqlar ayrılırdı.
Məşhur rus statistiki İ. Şopenin hesablamalarına görə, XIX əsrin əvvəllərində təkcə İrəvan şəhərində 2400 azərbaycanlı ailəsi, 12 min nəfər azərbaycanlı yaşayırdı. Şəhər ruslar tərəfindən alınandan sonra əhalinin bir qisminin İrana köçməsinə baxmayaraq, yenə də azərbaycanlılar şəhər əhalisinin böyük əksəriyyətini təşkil edirdi. Belə ki, 1829-cu ilin məlumatına görə, təkcə İrəvan şəhərində əhalinin beşdə dördünü və yaxud 80 faizini azərbaycanlılar təşkil edirdi. Rusiya imperiyasında birinci dəfə keçirilən əhalinin siyahıyaalınmasına görə, 1897-ci ildə Qərbi Azərbaycanda - İrəvan quberniyasında 313.178 nəfər azərbaycanlı yaşamışdır. Lakin bir neçə il sonra bu rəqəmlər tamamilə dəyişmişdi.
Ermənilər Azərbaycan ərazilərində məskunlaşdıqdan sonra öz dövlətlərini yaratmaq haqqında düşünməyə başladılar. Elə bunun nəticəsi idi ki, 1905-1906-cı illərdə Azərbaycanda ermənilər tərəfindən kütləvi soyqırımı aktları həyata keçirilmişdir. Bu illər ərzində onlar Bakıda, Tiflisdə, İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda kütləvi şəkildə azərbaycanlıları məhv etmiş, dəhşətli cinayətlər törətmişdilər. Tarixi qaynaqlarda təsdiqlənir ki, ermənilər həmin hadisələr zamanı Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl ərazilərində 75 Azərbaycan kəndini tamamilə yerlə yeksan etmiş, İrəvan və Gəncə quberniyalarında isə 200-dən artıq yaşayış məntəqəsini dağıtmışdılar.
"Paytaxtsız" respublika yarandığı gündən erməni şovinistləri əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edən Loru-Pəmbək və Şörəyel qəzalarında, Zəngəzurda, Göyçədə və digər yerlərdə kütləvi qırğınlar törətdilər. Faktlar göstərir ki, Ermənistan Respublikasında qatı millətçilərin hökmranlıq etdiyi 1918-1920-ci illərdə onlar "türksüz Ermənistan" şüarını həyata keçirməyə xeyli dərəcədə nail ola bilmişdilər. Həmin dövrdə azərbaycanlılara qarşı törədilmiş vəhşiliklər nəticəsində indiki Ermənistan ərazisində yaşayan 575 min azərbaycanlının 565 mini öldürülmüş və ya zorla öz yurdlarından qovulub çıxarılmışdı. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra onlardan yalnız 60 min nəfəri öz doğma yurduna qayıda bilmişdi. 

1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Muğanda, Qubada, Lənkəranda ermənilər tərəfindən minlərlə azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan öz vətənindən didərgin salınmışdır. Bu dövrdə Bakıda və Şamaxıda ermənilərin həyata keçirdiyi kütləvi soyqırımı aktları daha dəhşətli olmuşdur. Bakıda 30 minə yaxın insan xüsusi qəddarlıq və amansızlıqla məhv edilmişdir. Şamaxının 58 kəndi xarabazara çevrilmiş, 7 min nəfər insan öldürülmüş (onlardan 1653 nəfəri qadın, 965 nəfəri isə uşaq olmuşdur), Quba qəzasında müsəlmanların yaşadığı 122 kənd yandırılmış və dağıdılmışdır. Qarabağın dağlıq ərazilərində yerləşən 150-dən çox kənd yerlə yeksan edilmişdir. Bu kəndlərdə ermənilərin keçirdikləri əməliyyatlar faciəvi miqyasına görə dünya tarixinin ən amansız hadisələrindən olmuşdur. Zəngəzur qəzasında da eyni üsullarla 115 kəndi vəhşicəsinə darmadağın edən ermənilər İrəvan quberniyasında 211, Qarsda 92 kəndi talan edərək yandırmışlar. Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycanda ermənilərin məskunlaşdırılması xalqımızın tarixi ərazisinin parçalanmasına, azərbaycanlıların bir millət olaraq məhvinə və müstəqil dövlətimizin mövcudluğunun qarşısının alınmasına xidmət etmişdir. Ermənilər bu mənfur prosesdə ən qəddar rolu ifa edən vasitə olmuşlar. Kütləvi deportasiyaların və soyqırımı aktlarının yeganə məqsədi Cənubi Qafqazda qüdrətli müsəlman və türk dövlətinin formalaşmasına mane olmaqdan ibarət idi. Həm Gülüstan, həm də Türkmənçay müqavilələri bunu bir daha təsdiqləyirdi. Azərbaycan ərazilərini etnik baxımdan bölmək cəhdləri nəticə etibarilə ölkənin siyasi və coğrafi anlamda parçalanmasına gətirib çıxarmalı idi. Nə qədər ağrılı olsa da, baş verən hadisələrin təhlili və tarixi xronologiya bu planların müəyyən hissəsinin yerinə yetirildiyini təsdiqləyir. 
XX əsrin əvvəllərində Cənubi Qafqazda cərəyan edən proseslərin məntiqi nəticəsi ona gətirib çıxardı ki, artıq sovet hökumətinin qurulduğu ərəfədə Azərbaycan ərazilərinin böyük bir hissəsi ermənilərin tabeliyinə keçmişdi. Tarixi qaynaqlarda Ermənistan dövlətinin olmadığı tam açıq şəkildə göstərilmişdir. Bəzi nəhəng ölkələrin maraqları Cənubi Qafqazda erməni dövlətinin yaradılmasını tələb edirdi. Bunun isə ən ağır nəticələrini Azərbaycan xalqı öz taleyində yaşamalı oldu. 1920-ci ilin axırlarında Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra ermənilər əsrlərlə arzu etdikləri erməni dövlətini yaratmaq və qonşulara qarşı ərazi iddiasını irəli sürmək siyasətinə keçdilər. 70 illik sovet hakimiyyəti dövründə Azərbaycan torpaqları hesabına ərazilərini genişləndirən ermənilərin bu istiqamətdə iddiaları get-gedə daha da artdı. 
Vaxtilə əhalisi başlıca olaraq azərbaycanlılardan ibarət olan Qərbi Azərbaycan əyalətlərində - Zəngibasar, Vedibasar, Zəngəzur, Göyçə, Ağbaba, Dərəçiçək, Sisyan, Qafan, Qəmərli, Qaraqoyunlu, Qırxbulaq, Şərur, Sürməli, Seyidli, Sərdarabad, Abaran, Gərnibasar və başqa yurdlarımızda bir nəfər belə azərbaycanlı qalmasa da, tarixin yaddaşına həmin vilayətlər qədim azərbaycanlı yurdları kimi həkk olunmuşdur.
Ötən əsrin 60-cı illərinin sonu, 70-ci illərinin əvvəllərində Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə birləşdirilməsi məsələsi hətta Kremlin özündə və Siyasi Büroda müzakirə edilən məsələlərdən birinə çevrilmişdi. Öz himayədarlarının köməyilə ermənilər Azərbaycan ərazilərini Ermənistana birləşdirmək səylərini davam etdirirdilər. 1969-cu ilin mayında Qazax və bir neçə başqa rayonun ərazisində yerləşən bəzi kəndlərin Ermənistana birləşdirilməsi barəsində bu ölkənin Ali Soveti qərar qəbul etdi. Bu qərar SSRİ Ali Soveti tərəfindən də təsdiq olundu. Lakin Heydər Əliyevin Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi bu qərarın həyata keçməsinə imkan vermədi. SSRİ kimi nəhəng bir dövlətdə qanunverici orqanın qərarının yerinə yetirilməməsinin nə demək olduğunu başa düşmək çətin deyil. Lakin Heydər Əliyev öz xalqının milli maraqları naminə böyük riskə gedərək Azərbaycan torpaqlarının Ermənistana birləşdirilməsinin qarşısını aldı. Buna baxmayaraq, 1986-cı ildə Azərbaycan rəhbərliyinin etinasız münasibəti ucbatından həmin qərarda nəzərdə tutulan bəzi ərazilər Ermənistana birləşdirildi.

1977-ci ildə Sovetlər İttifaqının yeni Konstitusiyasını işləyib hazırlayan komissiya Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR-in tərkibindən çıxarılıb Ermənistan SSR-ə birləşdirilməsini təklif etdi.
Respublikanı komissiyada təmsil edən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin sərt reaksiyası və bu təklifi qəti şəkildə rədd etməsi onun həyata keçirilməsinin qarşısını aldı. 
1985-ci ildə Sov. İKP MK-nın Baş katibi vəzifəsinə seçilən Mixail Qorbaçov bu mənfur niyyətin gerçəkləşdirilməsi üçün əlindən gələni etdi. M. Qorbaçovun hakimiyyətə gəlməsi ilə ermənilər ölkənin birinci şəxsinin timsalında siyasi himayədar qazanmışdılar və bu fürsətdən maksimum istifadə etməyə çalışırdılar. 1988-ci ildə ermənilər artıq Azərbaycana qarşı düşmənçilik siyasətini açıq müstəvidə həyata keçirməyə başladılar. Qarabağda iki azərbaycanlının qətlə yetirilməsi, Topxana meşəsinin məhv edilməsi ilə daha da qızışan və sonradan hərbi əməliyyatlar müstəvisində davam etdirilən münaqişə problemin nə qədər ciddi olduğunu bir daha ortaya qoydu. Proseslər o dərəcədə sürətlə cərəyan edirdi ki, azərbaycanlılar nə ermənilərin
brilyant sovqatı müqabilində Qorbaçovun hadisələrə biganəliyinin, böyük bir ərazinin respublikanın nəzarətindən faktiki olaraq çıxarılmasının, nə də hakimiyyətin etinasız və səriştəsiz siyasətinin məntiqini başa düşməyə imkan tapa bildilər. Konfliktin coğrafiyası isə günü-gündən genişlənirdi. 1989-cu ildə Ermənistan SSR Ali Soveti Dağlıq Qarabağın bu ölkəyə birləşdirilməsi haqqında heç bir hüquqi əsası olmayan qərar qəbul etdi. Bu, faktiki, Azərbaycan ərazilərinin ilhaqı anlamına gəlirdi. Ermənilər artıq mübarizə taktikasını hərbi təcavüz müstəvisinə keçirmişdilər və bu baxımdan Azərbaycandakı kütləvi etiraz aksiyaları proseslərin inkişaf istiqamətini dəyişmək qüdrətində deyildi.
Şübhəsiz ki, ermənilərin təcavüzkar siyasətinin həyata keçməsində məhz kənar qüvvələrin dəstəyi daha böyük rol oynamışdır. Bu mənada o vaxtkı SSRİ rəhbərliyinin səyləri xüsusilə qabarıq şəkildə nəzərə çarpırdı. 1990-cı ildə Sovet ordusunun Bakıda keçirdiyi əməliyyatlar bunu bir daha təsdiqlədi. Dağlıq Qarabağın Ermənistana ilhaqına etiraz əlaməti olaraq keçirilən mitinqlər sovet əsgərlərinin güllələri ilə yatırıldı. 

1990-cı ilin yayında Heydər Əliyev Naxçıvana gəldi. Muxtar respublikada vəziyyət həddindən artıq gərgin idi. İqtisadi blokadanın ağır şərtləri altında yaşamağa məhkum edilmiş naxçıvanlılar bu qayıdışın talelərində böyük dönüş nöqtəsi olduğuna inanırdılar. Çox qısa vaxt ərzində və məhdud imkanlar çərçivəsində Heydər Əliyev Naxçıvanda ciddi dəyişikliklər etməyə müvəffəq oldu. Naxçıvan MSSR Ali Sovetinə deputat seçildikdən dərhal sonra məhz onun təşəbbüsü ilə muxtar respublikanın adındakı SSR sözü götürüldü. Azərbaycan Cümhuriyyətinin üçrəngli bayrağı dövlət rəmzi kimi qəbul edildi. 1991-ci il sentyabr ayının 3-də isə Naxçıvan Ali Məclisi Heydər Əliyevin Ali Məclisin sədri seçilməsi haqqında qərar qəbul etdi. Muxtar respublikanın yeni rəhbəri iqtisadi problemlərin həllinə diqqət yetirməklə yanaşı, həm də Ermənistanla sərhəddə gedən qanlı döyüşləri səngitmək missiyasını yerinə yetirdi. 
1992-ci ildən etibarən erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərində keçirdiyi hərbi əməliyyatların coğrafiyası daha da genişləndi və respublikanın rayonları bir-birinin ardınca işğal edilməyə başlandı. 1992-ci ildə Xocalıda həyata keçirilən dəhşətli soyqırımı aktı erməni vəhşiliyinin miqyasını aydın təsəvvür etməyə imkan verir. Rusiyanın 366-cı motoatıcı alayının dəstəyi ilə reallaşdırılan bu terror əməliyyatında 613 nəfər azərbaycanlı qətlə yetirildi. Xocalı faciəsi zamanı öldürülənlərdən 63 nəfəri azyaşlı uşaq, 106 nəfəri qadın olmuşdur. 487 nəfər şikəst edilmiş, 1275 nəfər əsir götürülmüşdür ki, onların da böyük bir hissəsi qocalar, qadınlar və uşaqlar olmuşdur, 8 ailə bütövlükdə məhv edilmişdi. Xocalı ermənilərin azərbaycanlılara qarşı apardığı çoxəsrlik düşmənçilik münasibətinin ən bariz nümunələrindən biri kimi tarixə həkk olundu. 

2 aprel 1993-cü ildə Kəlbəcər rayonunu işğal etdilər. Aprelin 6-da BMT Təhlükəsizlik Şurasının sədri Azərbaycanın Kəlbəcər rayonunun erməni silahlı birləşmələri tərəfindən işğalını ittiham edərək bu ərazilərin dərhal azad edilməsini və ordunun oradan çıxarılmasını tələb edən bəyanatla çıxış etdi. Ermənistan isə Azərbaycana qarşı müharibəni davam etdirərək 7 iyulda Ağdərəni tutdular. Bundan sonra ermənilər 1993-cü ilin iyul-oktyabr ayları arasında isə Ağdam (23 iyul), Füzuli (23 avqust), Cəbrayıl (23 avqust), Qubadlı (31 iyul) və Zəngilan (30 oktyabr) kimi Qarabağ ətrafı rayonlarını işğal etdi. Beləliklə, Azərbaycanın Qarabağ Bölgəsi (Şuşa, Xankəndi, Xocalı, Xocavənd, Ağdərə) ətrafında işğal olunmuş rayonlarının sayı 7-yə (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) çatdırıldı. 
Ermənistan işğalçılarına qarşı mübarizədə Azərbaycanın hərbi-iqtisadi və insan qüvvələrinin səfərbər edilməsinə böyük ehtiyac var idi. Bu məqsədlə hakimiyyətə yenicə seçilmiş Heydər Əliyev 2 noyabrda televiziya və radio ilə xalqa müraciət etdi, ciddi hərbi-təşkilati tədbirlər həyata keçirildi. Bunun nəticəsində Azərbaycan xalqının işğalçılara qarşı ədalətli mübarizəsində dönüş yaratmaq mümkün oldu. 1993-cü ilin noyabrın ortalarında Ermənistan silahlı qüvvələrinin Beyləqan istiqamətində hücumu dayandırıldı.
Azərbaycan ordusunun müvəffəqiyyətli əməliyyatları nəticəsində 5 yanvar 1994-cü ildə Füzuli rayonunda strateji əhəmiyyətli Horadiz qəsəbəsi və 22 kənd düşməndən təmizləndi. Bunun ardınca Ağdam, Füzuli və Cəbrayıl rayonu ərazisinin bir hissəsi, Kəlbəcər rayonunda Bozlu, Təkəqaya, Babaşlar, Qanlıkənd, Çəpli, Susuzluq, Qasımbinəsi, Yanşaqbinə, Yanşaq, Bağırsaq, Qamışlı, Bağırlı yaşayış məntəqələri də düşməndən azad edildi. Çiçəkli dağı və b. strateji yüksəkliklər ələ keçirildi, Kəlbəcər-Laçın yolunun tunelə qədərki hissəsi nəzarət altına alındı. Azərbaycan Respublikası belə bir şəraitdə 8 may 1994-cü ildə Bişkek protokolunu imzaladı. Azərbaycanın düşmən üzərində hərbi uğurları sayəsində mayın 12-də cəbhədə atəşkəsə nail olundu. 
Erməni təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizini itirdi. Bu təcavüz nəticəsində 20.000-ə yaxın insan həlak oldu, 50.000 nəfər yaralandı və əlil qaldı, milyondan artıq insan öz torpağından məhrum oldu, məcburi köçkün vəziyyətinə düşdü, 5000 insan itkin düşdü. Bundan başqa, müharibə və ərazilərin işğalı nəticəsində Azərbaycan böyük miqdarda sosial-iqtisadi zərərə məruz qaldı. Birbaşa və dolayı itkilərin ümumi miqdarı 60 milyard ABŞ dolları təşkil etdi.

Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan silahlı qüvvələrin 316 tank, 324 PDM, 322 artilleriya, 50.000 şəxsi heyəti yerləşdirildi. 
1995-ci ilə qədər beynəlxalq təşkilatların Dağlıq Qarabağ haqda bir-çox bəyanatları oldu. BMT Təhlükəsizlik Şurası 822-ci (30.04.1993), 853-cü (29.07.1993), 874-cü (14.10.1993) və 884-cü (11.11.1993) qətnamələri qəbul edib və Ermənistandan bu qətnamələrin qərarlarına tabe olaraq qeyd-şərtsiz bütün hərbi birliklərini işğal edilmiş Azərbaycan torpaqlarından çıxarmasını tələb edib və edir. Lakin BMT Təhlükəsizlik Şurasının bütün bu qətnamələrinə baxmayaraq, Ermənistan əvvəlkitək Azərbaycan ərazilərini işğal altında saxlayır və qəsb olunmuş torpaqları fəal şəkildə məskunlaşdırır, bununla da beynəlxalq ictimaiyyətin iradəsinə məhəl qoymur.
1997-ci ilin yanvarından ATƏT-in Minsk qrupu (ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılmışdır. Azərbaycan, Ermənistan, Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveç qrupun üzvləridir. 1996-cı ilin dekabrından onun üç – Rusiya, ABŞ və Fransa həmsədrləri var) danışıqlar üçün ABŞ, Fransa və Rusiyadan ibarət üç həmsədrdən təşkil olunmuş yeni format yaratdı. Minsk qrupu münaqişənin dinc yolla nizamlanması üzrə bu günə qədər müxtəlif təklifləri işləyib hazırlayıb. Amma Ermənistan tərəfi danışıqları uzatmaqda davam edir.



Oxunub: 5