Baş səhifə   » QƏHRƏMANLAR    » Şəhid jurnalistlər   

Şəhid jurnalistlər

  


Alı Mustafa oğlu  Mustafayev (1952-1991)- telejurnalist, Azərbaycanın Milli Qəhrəmanı.

Alı Mustafayev  Azərbaycan Televiziya və Radio Verilişləri şirkətində çalışmışdır. Dolğun məzmunlu reportaj, oçerk və müsahibələrinə, ekrana çıxardığı təsirli verilişlərinə görə bacarıqlı, operativ telejurnalist kimi tanınmışdır.
Müharibə dövründə Dağlıq Qarabağdan - qaynar nöqtələrdən, eləcə də yüksək dövlət səviyyəli rəsmi görüşlərdən müsahibə və reportajlar hazırlamışdır. Moskva şəhərində Azərbaycan Respublikası Ali Məclisi tərəfindən parlament müxbiri olmuşdur (1989-1990). 1991-ci il fəaliyyətinə görə "İlin ən yaxşı jurnalisti" mükafatına layiq görülmüşdür. 1991-ci il 19 noyabrda Dağlıq Qarabağın Qarakənd kəndi yaxınlığında sülh məramlı nümayəndələri aparan vertolyotun düşmən mərmisi tərəfindən vurulması ilə şəhid olmuşdur. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Salatın Əziz qızı  Əsgərova (1961-1991) –  jurnalist, "Молодежь Азербайджана" qəzetinin müxbiri, Azərbaycanın Milli Qəhrəmanı. 

Salatın Əsgərova 1991-ci il yanvarın 9-u Laçından Şuşaya yollanarkən yolun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında erməni silahlı qüvvələrinin mühasirəsinə düşmüş, olduğu maşın yaxın məsafədən şiddətli atəşə tutulmuşdur. Nəticədə qəhrəman jurnalist  Salatın Əsgərova amansızcasına qətlə yetirilmişdir. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Çingiz Fuad oğlu  Mustafayev (1960-1992)— telejurnalist, Azərbaycanın Milli Qəhrəmanı 

Çingiz Mustafayev  həkim olsa da, jurnalistikaya böyük həvəs göstərmişdir.  Bu həvəs özünü 1990-cı il 20 Yanvar hadisələri zamanı bir daha göstərmişdir.  Belə ki, Çingiz Sovet ordusunun Bakıda törətdiyi vəhşilikləri lentə almışdır. 1991-ci ildən isə o, həyatını bütövlükdə jurnalistikaya bağlamışdır.
Çingiz Mustafayevin əsasını qoyduğu 215 kl studiyasında reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapmışdır. 
Çingiz Mustafayevin Xocalı haqda çəkdiyi filmi ilə Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya məruz qalmışdır. Qəhrəman jurnalist 1992-ci ilin iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanlı kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olmuşdur. 



Oxunub: 65186