Baş səhifə   » ƏDƏBİYYAT    » Qarabağlı şairlər və yazıçılar   

Qarabağlı şairlər və yazıçılar

  


Qasım bəy Zakir (1784-1857)
Qasım bəy Zakir Şuşa şəhərində doğulub. Qarabağda məşhur olan Cavanşirlər nəslindəndir.  Əsasən satira ustası kimi məşhur olmuşdur. Zakirin satiraları əsas etibarı ilə çar hakimləri və çarizmin müstəmləkəçi qanun və qaydaları əleyhinə çevrilibdir. Zakirin satirasında ən amansız tənqid olunanlar gücsüzlərin və acizlərin hüquqlarını tapdalayanlardır. 
Zakirin realist yaradıcılığında təmsillərinin əhəmiyyəti müstəsnadır. Onun “Aslan, Qurd və Çaqqal”, “Dəvə və Eşşək”, “Tülkü və Qurd”, “Xain yoldaşlar haqqında” (“İlan, Dəvə, Tısbağa”), “Tülkü və Şir”, “Sədaqətli dostlar haqqında” (“Tısbağa, Qarğa, Kəsəyən, Ahu”) adlı təmsilləri indi də maraqla oxunur. 

Mirzə Bəybaba Fəna (1787- XIX əsrin ortaları)
Mirzə Bəybaba Fəna Şuşada anadan olub. O, mədrəsə təhsili alıb. Savadlı olduğundan mirzə ünvanı daşıyırdı. Qarabağ xanın yanında katib işləyib. M.Fəna həm də gözəl xəttat olub. Şuşa şairlərinin cüngünü tərtib edib. Bir neçə kitabın üzünü köçürüb. O, şair olub və “Fəna” təxəllüsü ilə şerlər yazıb. M.Fəna şairə Fatma xanım Kəminənin atası olub. Mirzə Bəybaba Qasım bəy Zakirə həcv yazıb. 

Əsəd bəy Vəzir yazar (1824-1873)
Əsəd bəy Vəzirov Qarabağın Mirzəcamallı obasında anadan olub. Mükəmməl mədrəsə təhsili alıb. “Dizaq şairləri” məclisinin üzvü idi. Dostu Mir Mehdi Xəzani ilə bədiyələşib. Mülkədar olmaqla yanaşı həkimliklə də məşğul olub.

Xurşid Banu Natəvan (1832-1897)
Azərbaycanın görkəmli şairə-qadını Xurşidbanu Natəvan (Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi) Şuşada anadan оlumuşdur. Qarabağ xanlıqlarının sоnuncu vərəsəsi оlduğu üçün, оnu sarayda “Təк inci”, el arasında isə “Xan qızı” çağırırmışlar.
X. Natəvan qəzəllər və rübailər yazmışdır. Əsərləri dərin səmimiyyəti, incə lirizmi ilə seçilir. Yüksək sənətkarlıq nümunəsi olan şerlərində təkrir, qoşma, rədif, məcaz və s. bədii vasitələr məharətlə işlənmişdir. 

Məşədi Mahmud bəy оğlu Vəzirоv (1839-1902)
Məşədi Mahmud bəy Vəzirоv Şuşa şəhərində аnаdаn оlub. İbtidai təhsilini molla yanında, sonra mədrəsədə oxuyub. Böyüyəndən sоnrа tаcirliklə məşğul olmuşdur. 
M.Vəzirov həm də şаir idi. Mahmud imzаsı ilə klаssik üslubdа, türk və fаrs dillərində yаzıb-yаrаdıb. 

Fatma xanim Kəminə (1841-1898)
Şairə Fatma xanım Kəminə Şuşada dünyaya gəlib. Fatma xanım kiçik yaşlarından etibarən şerə maraq göstərmişdir. O, həm də XIX əsr qadın aşıqlarındandır. Şairənin atası Mirzə Bəybaba da şair olub və “Fəna” təxəllüsü ilə şer yazıb. F. Kəminə fars dilini də mükəmməl bilib və bu dildə də şerlər yazıb. O dövrdə Fatma xanım Azərbaycanın ən məşhur 3-5 şairəsindən biri olub. Amma dövrümüzə onun əsasən klassik şəkildə yazdığı şerləri gəlib çatmışdır.

Abdulla bəy Asi (Fuladov) (1841-1874)
Abdulla bəy Asi Şuşada anadan olub. O, öz dövrünün ziyalısı, şair, mütəfəkkiri olub. Təhsilini Şuşada alıb. Ərəb, fars, rus dillərini, Nəvaini oxumaqla çığatay dilini də gözəl bilib, hətta bu dildə bir neçə qəzəl də yazıb. Məclisi-fəramuşanın üzvü olub. Əsərlərinin az hissəsi qalmışdır.   

Nəcəf bəy Vəzirov (1854-1926)
Nəcəf bəy Vəzirov Şuşa şəhərində anadan olub. 1874-cü ildə Moskvanın Petrovski-Razumovski Meşə və Təbiətşunaslıq Akademiyasının Meşəçilik şöbəsinə daxil olub. 1878-ci il iyun ayında N. Vəzirov akademiyanı bitirib təyinatla Qafqaza göndərilib. Müxtəlif bölgələrdə meşəbəyi işləyib.
 N.Vəzirov Azərbaycan milli teatrın yaradılmasında və inkişafında müstəsna rolu olan şəxsiyyət idi. O, “Müsibəti  Fəxrəddin” əsəri ilə Azərbaycan ədəbiyyatında faciə janrının  əsasını qoyub.  Bundan əlavə “Yağışdan çıxdıq yağmura düşdük”, “Pəhləvanı zəmanə” kimi klassik əsərlərini yaradıb.

Əbdürəhim bəy Haqverdiyev (1870-1933)
Əbdürəhim bəy Haqverdiyev Şuşada bəy ailəsində anadan olub. Əbdürrəhim bəy 1891-ci ildə ali təhsil almaq üçün Peterburqa gedib, Yol Mühəndisləri İnstitutuna qəbul olub. O, eyni zamanda, azad dinləyici kimi Peterburq Universitetinin Sərq fakültəsində dil və ədəbiyyata dair müzakirələrə qulaq asıb, müsəlman tarixi və mədəniyyəti ilə maraqlanıb. O, həm müəllimliklə məşğul olub, həm də teatrlarda verilən tamaşalara rejissorluq edib. Ə. Haqverdiyev “Bəxtsiz cavan” (1900) və “Pəri-cadu” (1901) faciələrini yazmaqla milli dramaturgiyanı ideya və poetik-sənətkarlıq baxımından daha da zənginləşdirib. Eyni zamanda “Marallarım”, “Xortdanın cəhənnəm məktubları”, “Şeyx Şaban”, “Xəyalət”, “Ac həriflər” və sair əsərlərin müəllifidir. 

Süleyman Sani Axundov (1875-1939)
Süleyman Sani Axundov Şuşada bəy ailəsində anadan olub. Azərbaycan dramaturqu, uşaq ədəbiyyatı yazıçısı və müəllimi olub. İlk bədii əsərini - “Tamahkar”ı 1899-cu ildə qələmə alıb. 1912-1913-cü illərdə S.Axundov beş hissədən ibarət “Qorxulu nağıllar” kitabını yazıb. Kasıbçılıqdan və haqsızlıqlardan bəhs etdiyinə görə bu nağıllar sovet zamanı uşaq ədəbiyyatı aləmində böyük şöhrət qazanıb. 1920-ci ildən sonra yazılan əsərlərdə, S.Axundov qəddarlığı, köhnə mühafizəkar ənənələri və geriliyi tənqid atəşinə tutmağa davam edib.

Yusif Vəzir Çəmənzəminli (1887-1943) 
Yusif Vəzir Çəmənzəminli Şuşa şəhərində anadan olub. 1910-cu ildə isə Kiyevdə Müqəddəs Vladimir adına İmperator Universitetinin hüquq fakültəsinə daxil olub.
Müstəqil Ukrayna Respublikası yarandıqdan sonra Azərbaycan Xalq Cumhuriyyəti onu Ukraynada diplomatik nümayəndə təyin edib. Y.V.Çəmənzəminli 1919-cu ildə isə Azərbaycan Xalq Cumhuriyyətinin Türkiyəyə ilk səfiri göndərilib.
 Y.V.Çəmənzəminli “Qızlar bulaığı”, “Studentlər”, “1917-ci il” adlı romanlarını çap etdirib. 1937-ci ildə məşhur “Qan içində” romanını yazıb.
Y. Çəmənzəminli 1937-38-ci illərdə repressiyaya məruz qalıb, Rusiyanın Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs düşərgəsində vəfat edib.

İlyas Əfəndiyev (1914-1996)
Görkəmli Azərbaycan yazıçısı və dramaturqu İ. Əfəndiyev Füzuli rayonunda doğulmuşdur. O, «Körpüsalanlar» /1960/, «Dağlar arxasında üç dost» /1963/, «Sarıköynəklə Valehin nağılı» /1976-78/, «Geriyə baxma, qoca» /1980/, «Üçatılan» /1981/ kimi povest və romanlarını dərc etdirmiş,  eyni zamanda maraqlı dram əsərləri (Mənim günahım» /1967/, «Unuda bilmirəm» /1968/, «Məhv olmuş gündəliklər» /1969/, «Qəribə oğlan» /1973/, «Bağlardan gələn səs» /1976/ ) qələmə almışdır. «Sən həmişə mənimləsən» /1964/ pyesi ilə Azərbaycan səhnəsində lirik-psixoloji dramanın əsasını qoymuşdur.
 
Bayram Bayramov (1918-1994)
Bayram Bayramov Ağdam rayonunun Şivənd kəndində anadan olmuşdur. Azərbaycanın xalq yazıçısıdır.  Fəal ictimaiyyətçi olmuşdur. “Tək adam”, “Yarpaqlar”, “Sənsiz”, “Onun gözləri”  kimi roman və povestlərin müəllifidir. 

Əlfi Qasımov (1927-1985)
Əlfi Qasımov Ağdam rayonunda anadan olmuşdur. Onun  «Ərimizin ətəklərində» adlı ilk oçerklər kitabı 1954-cu ildə çapdan çıxmışdır. Bundan sonra isə «Şagird briqadaları» (1960), «Odlu ürək» (1962), «Dnepr qəhrəmanı» (1963), «Ulduz karvanı» (1967), «Saçlar ağarsa da» (1970) adlı kitabları oxucuların böyük rəğbətinə səbəb olmuşdur. 

Sabir Əhmədli (1930-2009)
Sabir Əhmədli Cəbrayıl rayonunda doğulmuşdur. "Aran", "Pillələr", "Görünməz dalğa", "Yamacda nişanə", "Toğana", "Dünyanın arşını", "Yanvar hekayələri", "Şəhid ruhu" və s. kitabları işıq üzü görüb. Əsərləri həmişə oxocular tərəfindən maraqla qarşılanıb.

Şahmar Əkbərzadə(1941-2000)
Görkəmli şair, publisist Şahmar Əkbərzadə Ağdam rayonunda doğulmuşdur. Uzun müddət mətbuatda çalışmış, "Araz", "Qızıl qələm" mükafatları laureatı olmuşdur. Lirik, vətənpərvər motivli şerləri ilə oxucuların rəğbətini qazanmışdır.

Çingiz Əlioğlu (1944)
Çingiz Əlioğlu Füzuli rayonunda anadan olub. Şair, tərcüməçi
bədii yaradıcılığa “Gənc qələmlər” (1967) toplusunda çıxan “Xatirələr” şerilə başlayıb. Mətbuatda şer, hekayə, ədəbi-bədii tərcümələr və publisistik məqalələrlə müntəzəm çıxış edib. Ondan çox şerlər və poemalardan ibarət kitabların müəllifidir.

Seyran Səxavət (1946) 
Seyran Səxavət Füzuli rayonunda anadan olub. 
Bədii yaradıcılığa 1962-ci ildən dövri mətbuatda çap etdirdiyi şer, hekayə və publisist yazıları ilə başlayıb. Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə və bir sıra xarici dillərə tərcümə olunub. “Qızıl teşt”, “Büst”, “Qapıların o üzündə qalan dünya” pyesləri tamaşaya qoyulmuşdur. 
S.Saxəvət “Adalar” (şerlər), “Mənim planetim” (şerlər), “Hamı elə bilirdi ki” (hekayələr və povest), “Daş evlər” (roman),  “Qızıl teşt” (povestlər, hekayələr), “Nekroloq” (roman) və s.  kitabların müəllifidir. 

Çingiz Abdullayev (1959)
Əslən Şuşadan olan Ç. Abdullayev görkəmli nasir, publisist, dünya şöhrətli detektiv romanların müəllifidir. Yazıçının qələminin məhsulu olan "Cəhənnəmdən keçid", "Geri dönməmək", "Öz dünyanı yarat", "İnanılmaz qətl", "Atlantika üzərində ölüm", "Xammurapinin məcəlləsi”, "Eramızın əvvəlindəki sui-qəsd" və s. kimi tarixi detektivləri ilə dünyada məşhurdur. 



Oxunub: 72687