Baş səhifə   » MEMARLIQ    » Azıx abidəsi   

Azıx abidəsi

  



Azərbaycan dünyanın ən qədim yaşayış məskənlərindən biridir. Bunu Qarabağda aşkar olunmuş Azıx mağarası bir daha sübut etdi. Bu mağara Füzuli rayonunun 14 km-də yerləşir. Arxeoloji abidədən tapılmış ibtidai insanın alt çənə sümüyünün qalığı göstərdi ki, təxminən Azərbaycanda 350-400 min il bundan əvvəl insan yaşamışdır. Bu adam “Azıx adamı” adlanır. O, dünyada 4-cü tapıntıdır. Burada 700 min il bundan əvvələ aid ocaq izləri tapılmışdır. Hətta burada tapılan ayı kəlləsinin üzərində olan cızıqlar göstərir ki, Azıx adamları totemə inanmışlar. Burada çoxlu daş alətlər də tapılmışdır. Ümumiyyətlə, Azıx mağarasının köməyi ilə Azərbaycanın, o cümlədən Qarabağın daş dövrü haqqında geniş məlumat almaq olar.
Azıx mağarası - Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz sıra dağlarının cənub-şərq yamacında yerləşən, Quruçay çayının sol sahilində mağaradır. Mağara Azərbaycanın Füzuli rayonu ərazisindədir. Təəssüflə qeyd etmək lazımdır ki, vaxtilə dünyanın ən qədim insanlarının yaşadığı bu mağaranın yerləşdiyi Azərbaycan torpağı 1993-cü ildən etibarən erməni işğalı altındadır və mağaranın işğaldan sonrakı vəziyyəti haqqında heç bir məlumat yoxdur.
Azıx mağarasının sahəsi 800 km2-dir. Burada uzunluğu 600 metrə qədər uzanan 8 dəhliz vardır. Dəhlizlərin bəzilərinin hündürlüyü 20-25 metrə qədərdir. Azıx mağarası Qafqazda indiyə qədər aşkar edilmiş mağaralardan ən böyüyü kimi də diqqəti cəlb edir.
Azıx mağarası haqqında dünya çox az məlumata malikdir. Çünki keçmiş SSRİ dövründə bu mağarada axtarış aparan, onun tarixi barəsində danışan alimlərin xarici ölkələrdə yaşayan həmkarları ilə əlaqə yaratmasına imkan verilmirdi. Bunun nəticəsidir ki, dünyanın ən qədim insanlarından birinin Azərbaycan ərazisində yaşadığı haqqında dünya hələ də çox az şey bilir.
Azıx mağarasının yerləşdiyi bölgənin əhalisi bu mağaranın varlığından xəbərdar olsalar da, onun tarixdəki yeri haqqında heç bir məlumata malik deyildilər. Onların nəzərində bura əjdahaların və başqa sehirli varlıqların yaşadığı təhlükəli yerdən başqa bir şey deyildi. Odur ki, insanlar mağaraya yaxın getməkdən belə çəkinirdilər.

1960-cı ildə Azərbaycan arxeoloqu Məmmədəli Hüseynovun rəhbərlik etdiyi ekspedisiya Azıx mağarasını kəşf etdi. 1968-ci ildə M.Hüseynovun uzun zamandan bəri Azıx mağarasında apardığı qazıntıların nəticəsi olaraq Neandertal tipə məxsus olan bir insanın alt çənə sümüyü aşkar edildi. Tapıntı üzərində aparılan tədqiqatlardan sonra məlum oldu ki, onun ən azı 350-400 min illik bir tarixi vardır.
Çənə sümüyünün azı dişlərindən biri bütöv qalmış, digəri isə qismən sınmışdı. Alimlər onu 18 yaşlı bir qadına məxsus olduğu düşüncəsindədirlər. 18 yaş o dövr üçün qocalıq dövrü hesab olunurdu, çünki o zamanlar həyat orta hesabla 20-22 il davam edirdi. Bu qiymətli tapıntının aşkar edilməsindən sonra Azıx mağarasına diqqət daha da çoxaldı.
Çox keçmədən mağarada Paleolit dövrü və Mezolit dövrünə aid olan daşdan qayrılmış əmək alətləri də aşkar edildi. Bu alətlərin 1-1.5 milyon il əvvələ aid olduğu söylənilir. Mütəxəssislərin fikrincə, Azıx mağarasından tapılmış çənə sümüyü qədimliyinə görə dünyada dördüncü yerdədir. Ondan əvvəlki dövrlərə aid edilən bu növ arxeoloğı tapıntılar Tanzaniyada, Keniyada və Fransada aşkar edilmişdi. Bu fakt kifayətdir ki, dünyanın ən qədim sakinlərinin məskunlaşdığı ərazilər arasında Azərbaycanın mühüm yer tutduğu sübuta yetirilsin.
Azıx mağarasının sakinləri ovçuluqla məşgul olurdular. Mağaradan tapılmış 45 növ heyvan sümüyü bunun əyani sübutudur. Bəzilərin kökləri artıq kəsilmiş bu heyvanların içərisində nəsli indiyə qədər davam edən ayı və maral xüsusi yer tutur. Bəzi mütəxəssislərin düşüncələrinə görə ayı mağara sakinləri üçün müqəddəs hesab olunurmuş. Alimlər bu fikirləri mağarada bir-birinin yanınca düzülmüş ayı kəllələrinin varlığı ilə sübut etməyə çalışırlar. Hətta mağaranın adı da bununla əlaqələndirilir. Çünki qədim türk dillərində "azıx" -"ayı" deməkdir.
Azıx mağarasında həmçinin ocaq yerləri də aşkar edilmişdir. Bu ocaqlar kənardan daşlarla əhatə olunmuşdur. Mağaradan tapılmış 5 ocaq yerindən insanların təkcə yemək hazırlamaq üçün deyil, həm də odu qoruyub saxlamaq üçün istifadə etdikləri güman edilir. Bu ocaq yerlərindən birinin ətrafında qalınlığı 30 sm. olan aypara şəkilli divar vardır. Bu divarın tikilməsinin əsas səbəbi yaxınlıqdakı yaşayış yerini oddan qorumaq idi. Mağaradakı ocaq yerindən başqa həm də ilk tikili hesab olunur.
 Bütün bu göstərilənlər dünyanın ən qədim sakinlərinin yaşayış yerinin Azərbaycanın olduğu haqda fikirləri sübut edir.



Oxunub: 54379