Baş səhifə   » ERMƏNİ TERRORU    » Ermənistanın beynəlxalq məsuliyyəti   

Ermənistanın beynəlxalq məsuliyyəti

  


Keçən əsrin 80-ci illərinin sonlarından başlayaraq Ermənistanın Azərbaycan Respublikasına qarşı əsassız ərazi iddialarının irəli sürülməsi və qondarma Dağlıq Qarabağ probleminin ortaya atılması azərbaycanlıların kütləvi şəkildə qırğını və əsrlər boyu yaşadığı tarixi ərazilərdən deportasiyası, şəhər və kəndlərin, maddi-mədəniyyət abidələrinin dağıdılması, milli genofondun məhvinə yönəlmiş digər qəsdlərlə nəticələnmişdir.
Azərbaycan xalqına qarşı ermənilər tərəfindən aparılan təcavüzkar müharibə nəticəsində 20 min nəfər azərbaycanlı şəhid olmuş, 50 min nəfərdən artıq insan yaralanmış və əlil olmuşdur. Bunlarla yanaşı, təcavüzkar müharibə Azərbaycanın iqtisadiyyatına milyard manatlarla hesablanan  dəhşətli bir zərbə vurmuşdur. Belə ki, müharibə nəticəsində ölkənin 20 faizini təşkil edən 17 min kv. km ərazi işğal olunmuş, 1 milyondan çox günahsız insan qaçqın və məcburi köçkün vəziyyətinə düşərək ağır həyat tərzi keçirməyə məhkum olunmuşlar. Müharibə nəticəsində Azərbaycanda 900 yaşayış məntəqəsi, 100 min yaşayış binası, 600-dən artıq təhsil və 250 tibb müəssisəsini itirmiş, 1000 iqtisadi obyekt dağıdılmışdır.

Bütün bunlara görə əsrin ən qatı cinayətkarı olan Ermənistan nəinki Azərbaycan, ümumilikdə dünya qarşısında beynəlxalq məsuliyyət daşıyır. Beynəlxalq konvensiya və qətnamələrə əsasən Ermənistanın cinayətlərini belə qruplaşdırmaq olar:
1. Azərbaycan dövlətinin ərazisinə təcavüz və onun müəyyən hissəsinin işğalına görə (BMT tərəfindən 1974-cü ildə qəbul edilmiş “Təcavüzün anlayışı haqqında” qətnaməyə əsasən);
2. Azərbaycanın işğal olunmuş ərazilərində mülki əhalinin deportasiyasına görə (“Mülki əhalinin mühafizəsi haqqında” 1949-cu il Cenevrə Konvensiyasına əsasən);
3. Hərbi əsirlərlə qeyri-insani rəftar, onlara işgəncə verilməsi və onların həyatdan məhrum edilməsinə görə (“Hərbi əsirlərlə rəftar haqqında” 1949-cu il Cenevrə Konvensiyası);
4. Silahlı münaqişələr zamanı yaralı və xəstələrlə qəddar rəftar, onlar üzərində tibbi eksperimentlərin aparılmasına görə ("Quru müharibələrində yaralı və xəstələrin mühafizəsi haqqında" Cenevrə Konvensiyasına və 1977-ci il I əlavə protokoluna əsasən);
5. Azərbaycanlılara qarşı soyqırım siyasətinin həyata keçirilməsinə görə (Xocalı soyqırımı, 1948-ci il "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması" konvensiyasına əsasən);
6. Azərbaycanlıların vətənlərində sərbəst hərəkət etmək azadlığını məhdudlaşdırmaq, onların öz mülkiyyətindən istifadə etmək hüququnu pozmasına görə ("insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" 1950-ci il Avropa konvensiyasına əsasən);
7. Ermənistanın hərbi cinayətkarları tərəfindən törədilmiş beynəlxalq cinayətlərin qarşısının alınmaması və cinayət törətmiş şəxslərin məsuliyyətə alınmamasına görə (Cenevrə Konvensiyarına 1977-ci il I əlavə protokolun 91-ci maddəsinə əsasən);
8. Ermənistan dövlətinin maddi və siyasi məsuliyyəti ilə yanaşı münaqişə zamanı beynəlxalq cinayət törətmiş şəxslər də beynəlxalq cinayət məsuliyyəti daşımalıdırlar.



Oxunub: 39318