Baş səhifə   » XALQ SƏNƏTKARLIĞI    » Dulusçuluq   

Dulusçuluq

  



Dulusçuluq Azərbaycanda, o cümlədən onun tarixi ərazisi olan Qarabağda sənətkarlıq istehsalının ən qədim sahələrindən olub bu günə qədər öz əhəmiyyətini saxlamışdır. Mütəxəssislər sənətin bu sahəsinin meydana çıxmasını neolit dövrünə aid edirlər.
İlk orta əsrlərin sonlarından başlayaraq Qarabağda dulusçuluq istehsalı daha yüksək səviyyəyə çatmışdı.
Qarabğda aparılmış arxeoloji qazıntılar göstərir ki, IX - XIII əsrlərdə burada dulusçuluq yüksək inkişaf etmiş bir sənət sahəsi kimi tam formalaşmışdı. Bu dövrdə istehsal edilən saxsı qablar istər hazırlanma texnikasına, istərsə də zəngin bəzək elementlərinə görə həm əvvəlki, həm də sonrakı dövrlərlə müqayisədə çox yüksək səviyyəyə qalxmışdı.
Son orta əsrlərdə Qarabağda saxsı məlumatı istehsalı 3 böyük qrup üzrə - şirsiz qablar, şirli qablar və tikinti materialları istehsalı üzrə ixtisaslaşmışdır. Şirsiz saxsı məmulatı sırasına hər birinin müxtəlif növləri olan küplər, qazanlar, səhənglər, bardaqlar, aftafalar, silbiçlər, süd qabları, dolçalar, çıraqlar, qəlyanlar və s. aid edilir. Bu qabların bədii tərtibatı zamanı xətti və nöqtəvari naxışlardan geniş istifadə edilirdi.

XVI-XVII əsrlərdə Azərbaycanda tikinti keramikası da yüksək inkişaf etməsilə əlaqədar Azərbaycanın ayrı-ayrı şəhərlərində, o cümlədən Qarabağ ərazisində sarayların, karvansaraların, hamamların tikintisi zamanı şirli üzlük materialdan və keramik mozaikadan geniş istifadə edilirdi.
Qarabağ xanlığının mövcud olduğu XVIII əsrin ikinci yarısı - XIX əsrin əvvəlində dulusçuluq istehsalın aparıcı sahəsi kimi daha çox məişət keramikasından bəhs etmək olar. Xanlıqlar dövründə məişətdə işlədilən saxsı məlumatı arasında iri həcmli su qablarının, ilk növbədə səhəng və küplərin istehsalı mühüm yer tuturdu. Qarabağlı dulus ustaları məişətin müxtəlif sahələrində işlədilən çoxlu gil məmulatları hazırlayırdılar. Dulusçuluq məhsulları öz təyinatlarına görə bir neçə qrupa bölünürdü. Bunların arasında su qabları, yemək qabları süd məhsullan üçün qablar, evlərin qızdırılması və işıqlandırılması üçün nəzərdə tutulan qablar əsas yer tutur. Təkcə məişətdə işlədilən su qablarının bir neçə növünü daşımaq üçün (səhəng, cürdək, bardaq, şəhrəng, kuzə), saxlamaq və süfrədə işlətmək üçün (küp, sürahı, qurqur, dolça, parç, tayqulp), yuyunmaq və dəstamaz almaq üçün (aftafa, lülyəin və s.) çox müxtəlif saxsı qablar istehsal edilirdi.



Oxunub: 33619