Baş səhifə   » XALQ SƏNƏTKARLIĞI    » Dəmirçilik   

Dəmirçilik

  



Zəngin Azərbaycan torpaqlarının bir parçası olan Qarabağın dəmir filizi yataqları qədim zamanlardan başlayaraq yerli xammal əsasında dəmirçilik sənətinin meydana gəlməsində mühüm rol oynamışdır.
Qarabağda bəsit istehsal texnikasına əsaslanan filizəritmə işində, əsasən, körüklü kürələrdən istifadə olunmuşdur. Qarabağ ərazisində yanacaq israfı və metal çıxma baxımından iqtisadi cəhətdən az sərfəli olmasımı baxmayaraq, əritmə-döymə üsulu ilə yüksək keyfiyyətli dəmir əldə olunurdu. Ona görə də yerli dəmir ərintisindən hazırlanmış məmulat çox möhkəm və davamlı olmağı ilə fərqlənirdi.
XIX əsrin II yarısından etibarən Qarabağda kustar metal məmulatı dükanlarının xammal ilə təchizatında Bakı şəhəri görkəmli rol oynamağa başlamışdı. Bakı sərmayədarlarının köməyi ilə Qarabağlı dəmir ustaları kifayət qədər xam və işlənmiş (köhnə) metal ehtiyatı ilə təmin olunurdular.
Keçmişdə Qarabağda polad qıtlığı daha çox hiss olunurdu. Xüsusilə xas polad çətinliklə əldə olunduğundan qənaətlə işlədilirdi. Soyuq silah (xəncər, qəmə, qəddarə, qılınc) istehsalı dəbdə olan dövrlərdə poladın kasadlığı daha çəx nəzərə çarpırdı.
Qarabağ ərazisindəki dəmirçixanalarda ən çox polad qarışıq dəmir işlənirdi. Bunun üçün xassə etibarilə bir-birindən fərqlənən dəmir və poladı qızdırıb istidöymə yolu ilə qaynaq edirdilər.
Qarabağda digər sənət dükanları kimi, dəmirçixanalar da, əsasən, bazar və ya karvansaralarda yerləşirdi. Dəmirçixana bir qayda olaraq, həm istehsal emalatxanası, həm də satış dükanı vəzifəsini yerinə yetirməklə ikili səciyyə daşıyırdı.

Qarabağda məişət və təsərrüfat alətlərinin xeyli hissəsi, xüsusilə kəsici alətlər (balta, nacaq, dəhrə, məngəl, dəryaz, əraq, cin, qırxılıq, kərki, qiyməkeş, bıçaq, qazan və s.) bir qayda olaraq polad qarışıq dəmirdən hazırlamrdı. Bu məqsədlə, əsasən, qaynaq üsulundan istifadə olunmuşdur. Kəsici alətləri düzəltmək üçün əvvəlcə polad qarışıq dəmir hazırlanırdı. Xassə etibarilə xas poladdan və dəmirdən fərqlənən polad-qarışıq dəmir çox vaxt "qaynaq dəmiri" adlanırdı.
Qarabağda polad qarışıq dəmirin əldə edilməsinin ən bəsit və qədim üsulu xalis qaynaq olmuşdur. Bu halda ərintinin gücləndirilməsinə və calağın möhkəm tutmasına kömək edəcək yardımçı vasitələrdən istifadə olunmurdu.
Qarabağlı dəmir ustaları çoxəsrlik əməli təcrübə nəticəsində metalların xassələrini dərindən müşahidə edib öyrənməklə, istehsal texnologiyasının təkmilləşdirilməsinə və beləliklə də daha mükəmməl əmək alətləri hazırlamağa nail ola bilmişlər. Qaynaq ənənəvi Qarabağ dəmirçilik sənətində başlıca yer tutsa da, dəmir məmulatının, xüsusilə kəsici alətlərin hazırlanması daha bir sıra texnoloji proseslərlə bağlı idi. Məmulat növündən asılı olaraq istehsal prosesində dib çıxarma, küpaçma, sulğuc-çıxarma, dişəmə, növsalma və s. kimi bir sıra texnoloji üsullardan istifadə olunurdu. Əməliyyatların çoxu spesifık səciyyə daşımaqla, müəyyən qrup alətlərin hazırlanmasında tətbiq olunurdu.
Keçmişdə Qarabağlı dəmir ustaları təzə məmulat düzəltməklə yanaşı, sınıb korlanmış, yaxud kütləşmiş alətləri təmir etməklə də məşğul olurdular. Təmir işinin də özünəməxsus istehsal üsulları formalaşmışdı. Adətən, qalın kütləli məmulatlar (balta, tapun və s.) zodlama üsulu ilə təmir olunurdu. Qarabağ dəmirçiliyində sınıq məmulatın calaq edilməsi qadaqlama üsulu ilə də görülürdü. Qadaqvurma ən çox təsərrüfat alətlərinin təmirində tətbiq olunurdu.
Dəmir məmulatının güclü istehsal mərkəzləri sırasında Cəbrayıl qəzasının Xocavənd kəndi, Şuşa qəzasının Ağdam icması xüsusilə fərqlənirdi. Ümumilikdə, Azərbaycanda xırda əmtəə istehsalı səviyyəsinə çatmış şəhər dəmirçixanalarında məmulat növləri üzrə ixtisaslaşma daha erkən başlanmışdı. Belə ki, dəmirçixanaların sayına görə Şuşa Azərbaycan şəhərləri arasında əsas yerlərdən birini tuturdu.



Oxunub: 42532