Baş səhifə   » BÖLGƏ ÖZƏLLİYİ    » Qarabağ mədəniyyəti   

Qarabağ mədəniyyəti

  


İki yüz ildir ki, Azərbaycanın tarixi məkanlarından biri olan Qarabağı faciələr meydanına çevirən ermənilər bütün vasitələrdən istifadə edərək zaman-zaman tariximizi saxtalaşdırır, uydurma tarix yaradır, azərbaycanlıları öz doğma torpaqlarından sıxışdırıb çıxarırlar. Siyasətbazların əlində alətə çevrilmiş erməni “tarixçiləri” Qarabağ torpaqlarının ermənilərə məxsus olmasını «sübut edən faktlar” toplayır, “hüquqi sənədlər” hazırlayır, ermənilərin ərazi işğallarına qanuni don geyin-dirməyə çalışırlar. Erməni ideoloq və «arxeoloqları” Qarabağın alban xristian abidələrini “erməni abidələri” kimi qələmə verməyə çalışır, hətta guya qədim mənbələrdən istifadə edərək, bütövlükdə Kür və Araz çayları arasındakı ərazilərin «əzəli erməni torpaqları» olduğunu sübut etmək istəyirlər. Halbuki, ermənilər nəinki Qarabağda, hətta Qafqazda XIX əsrədək heç vaxt kompakt şəkildə məskun olmamışlar və bu maddi mədəniyyət də onlara aid ola bilməzdi.

Yuxarı Qarabağın Xankəndi, Ağdərə, Xocavənd, Şuşa, Düzən Qarabağın Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Beyləqan, həmçinin Laçın və Kəlbəcərdə arxeoloji tədqiqatlar zamanı aşkar edilmiş maddi mədəniyyət nümunələri, numizmatik dəlillər Qarabağın qədim maddi mədəniyyətini, etno-mədəni vəziyyətini, əhalinin sosial-iqtisadi səviyyəsini, məişət şəraitini, ümumiyyətlə, Azərbaycanın bu bölgəsinin iqtisadi, ictimai və mədəni tarixini hərtərəfli əks etdirir.
Albaniyada V əsrin başlanğıcında istifadə edilmiş yeni formada və rəsmi yazılarda işlənməsi hesab edilən alban əlifbası icad edilmişdir. Bununla əlaqədar təhsil ocaqları yaranmışdır ki, bunun da əsas mərkəzi Qarabağın qədim şəhəri Bərdə idi. Albaniyada erkən orta əsrdə (IV əsrdə) xristianlıq dini qəbul edildikdən sonra Azərbaycanın tarixi torpaqları olan Qarabağ ərazisində IV-VII əsrlər tikinti mədəniyyətini səciyyələndirən xristian arxitekturası tipində, memarlıq üslubunda tikililər- alban xristian dini abidələri yaradılmışdır. Ağdərədə Amaras (qədim türk dilində bu söz «ağ hun» deməkdir), Ağdamda Govurqala (qeyri müsəlman-alban xristianlığına məxsus qala), Laçında (Ağoğlan), Kəlbəcərdə (Haşavəng (Xotavəng), Çahartağ) alban xristian məbədləri, həmçinin Xocavənd alban kilsəsi (Sos kəndi), Ağcabədinin Təzəkənd yaşayış məntəqəsindəki üçnefli bazilikalı bina, Bərdə şəhərində aşkar olunmuş üç yarım dairəvi apsidalı məbəd Azərbaycanın Qarabağ bölgəsinin tikinti memarlığını, eləcə də tarix və mədəniyyətini səciyyələndirir.

Qarabağ bölgəsi nəinki Azərbaycanın, həmçinin dünyanın qədim tarixə malik olan bir ərazidir. Məhz, Qarabağ bölgəsi özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə zəngindir.
Qarabağlıların zəngin yaradıcılığında ən mühüm yerlərdən birini onun həyat və məişəti, gündəlik güzəranı ilə bağlı olan xalq sənətləri tutur. Təbiidir ki, onların məişət xüsusiyyətləri, estetik zövqü, bir sözlə milli siması, mənliyi bu sənət növündə özünü xüsusilə parlaq şəkildə büruzə verir. Əbəs yerə deyil ki, indi dünyanın ən zəngin muzeylərində Qarabağ xalq sənətkarlığının timsalında Azərbaycan xalq sənətkarlığının bir çox gözəl nümunələri ilə rastlaşmaq olur. Londonun Viktoriya və Albert, Parisin Luvr, Vaşinqtonun Metropoliten, Vyananın, Romanın, Berlinin, İstambulun, Tehranın, Qahirənin zəngin muzey kolleksiyalarına baxarkən orada Qarabağ ustalarının, həmçinin Təbriz, Naxçıvan, Gəncə, Qazax, Quba, Bakı, Şəki, Şamaxı ustalarının bacarıqlı əlləri ilə yaradılmış sənət nümunələrini görmək olar.
Qarabağlıların əməyi sayəsində yaranıb bölgənin həyat və məişətində geniş istifadə edilən Qarabağ el sənətinin böyük və zəngin bir tarixi var. Qarabağdan tapılmış qab-qacaq, silah və bəzək nümunələri tək bir tarixi fakt kimi deyil, həm də onu yaradan sənətkarın ustalıq bacarığından məlumat verən qiymətli mənbədir.
Qarabağ xalq yaradıcılığının tarixi, etnoqrafik və bədii xusüsiyyətləri öz əksini geyimlərdə tapır. Bu xüsusiyyət həm müəyyən formalı geyim və onun bəzəklərində və həm də bədii tikmə, toxuma və toxuculuqda özünü büruzə verir. Arxeoloji qazıntılar vasitəsilə külli miqdarda qədim maddi mədəniyyət nümunələrinin aşkar edilməsi Qarabağın maddi və mənəvi mədəniyyət tarixini öyrənməyə imkan vermişdir. Qarabağdan aşkar edilmiş hər bir arxeoloji material, başqa sözlə maddi mədəniyyət nümunəsi olan irili-xırdalı bütün əşyalar – tikinti materialları, məişət əşyaları, süfrə qab-qacaqları, bəzək əşyaları hər biri həm özünün istehsal olunması baxımından, həm də onların üzərindəki müxtəlif qliptik, teoreftik təsvirlərin, naxışların həkk olunması baxımından qarabağlıların həyatında özünə yer tutan qədim mədəniyyətin xarakterik cəhətləri, səviyyəsi, inkişaf xüsusiyyətlərinin təcəssümüdür.
Misdən, tuncdan, qızıldan düzəldilmiş ev avadanlığının və zinət əşyalarının üzərinə həkk olunmuş müxtəlif rəsmlər Qarabağda hələ qədim zamanlarda təsviri sənətin mövcud olduğunu sübut edir. Müxtəlif dövrlərdə Azərbaycanın Qarabağ xalçaçılıq mnəktəbində toxunulmuş xalçalar bu günədək öz gözəlliyi ilə insanları valeh edir. Onların bir çoxu dünyanın məşhur muzeylərində mühafizə olunur.

Bütün bunlar Azərbaycan xalqının bədii mədəniyyətinin özünəməxsus «genofond»unu yaratmış, onun zəngin irsini təşkil etmişdir. Həmin irs XIX əsrin ortalarından yeni tendensiyalarla daha da dolğunlaşmışdır. Məhz bu dövrdə, güclənməkdə olan Rusiya-Azərbaycan bədii və mədəni əlaqələrinin güclənməsinin təsiri altında Qarabağ incəsənətində tədricən keyfiyyət dəyişiklikləri baş verdi və bu da milli incəsənətdə yeni realist xüsusiyyətlərin meydana çıxması ilə nəticələndi. Öz zənginliyinə və öz unikallığına görə Qarabağ mədəniyyəti Azərbaycan mədəniyyətinin aparıcı və ayrılmaz tərkib hissəsi olmuşdur və olacaqdır. Bütün bunlar göstərir ki, Qarabağ mədəniyyəti Azərbaycan mədəniyyətinin güzgüsüdür.



Oxunub: 84897