Baş səhifə   » COĞRAFİYA    » Ekoloji problemlər   

Ekoloji problemlər

  



Ermənistan tərəfindən başlanmış müharibə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarında nəinki şəhər və kəndlərin dağıdılmasına, eyni zamanda ərazidə bitki və heyvanlar aləminin məhv edilməsinə və bütövlükdə ekoloji tarazlığın pozulmasına səbəb olmuşdur. Ermənistanın işğalçı siyasətinin nəticəsində əsasən təbii sərvətlərə, xüsusi qorunan ərazilərdəki meşələrə və bitki örtüyünə amansız divan tutulur. Azərbaycanın təbiəti üçün xarakterik olan landşaftlar, yüzillik ağaclar, şəlalələr, təbii mağaralar, mədəni park nümunələri, unikal geoloji çıxıntılar, paleontoloji laylar da məhv edilir.
Biosferin bir hissəsini təşkil edən meşələr canlıların qida zəncirini təşkil edir və burada müxtəlif bitki və heyvan növləri yaşayır. İşğal olunmuş ərazilərdə meşələrin qırılması artıq kütləvi hal almışdır. Bunun əsasını 1988-ci ildə Ermənistanın «Kanaker» Alüminium zavodu öz işçilərinə pansionat tikmək üçün Azərbaycanın müvafiq orqanları ilə razılaşmadan, özbaşına Qarabağın Topxana meşəsində qiymətli ağacların vəhşicəsinə qırılması ilə qoymuşdur. İşğal olunmuş ərazilərdə meşələrin qırılması həmin ərazidə ekoloji tarazlığın pozulmasına və Cənubi Qafqaz regionunda ekoloji qəzaların yaranmasına səbəb ola bilər. Meşələr yalnız hərbi məqsədlər üçün deyil, tikinti materialı, mebel sənayesi və digər məqsədlərdə istifadə üçün hərbçilərin köməyi ilə qırılaraq orada olan hərbi texnikanın vasitəsilə daşınır. Qazax rayonu istiqamətində, Murovdağ silsiləsi boyu, Ağdərə rayonu istiqamətində Talış, Gülüstan, Baranbart meşələrində 100 hektarlarla sahədə fıstıq, saqqız, şam, palıd və s. çoxillik ağaclar kəsilmişdir.

Hazırda Ağdərə və Xankəndi meşə təsərrüfatlarının böyük ərazini əhatə edən məhsuldar fıstıq meşələri, Laçın rayonunun Şəlvə dərəsindəki dekorativ oduncaqlı iri gövdəli qırmızı palıd meşələri, Bəsitçay qoruğundakı möhtəşəm çinar və qoz ağacları, Kəlbəcər meşə təsərrüfatındakı ayı fındığı ağacları Ermənistan tərəfindən kütləvi qırılaraq xarici ölkələrə satılır.
Bəsitçay Dövlət Təbiət Qoruğundakı şərq çinarlarının bəzilərinin yaşı 1200-1500 ilə çatır, onların gövdələrinin diametri 4 m, hündürlüyü 54 m-dən yuxarıdır. Avropada analoqu olmayan bu nəhəng ağaclar işğalçılar tərəfindən qəddarlıqla məhv edilir.
Araz palıdını orada müvəqqəti məskunlaşmış ermənilər ilboyu yanacaq kimi istifadə edirlər. Nəzarətdən kənarda qalmış, dünyada yalnız bu ərazidə bitən endemik bir növün kütləvi şəkildə doğranmasını ekoloji genosid kimi qiymətləndirmək olar.
Ağdam rayonunun Yusifcanlı yaşayış məntəqəsinin cənub kənarı (Ağdam rayonu təmas xətti) meşəlik və yaşıllıq, bağ sahələri tamamilə qırılmış və məhv edilmişdir. Novruzlu yaşayış məntəqəsinin şimal-şərq kənarındakı meşələr qırılaraq (Ağdam rayonu) Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın vasitəsilə daşınmışdır.

Dünya terror və korrupsiyaya qarşı «Bank-İnformasiya» Beynəlxalq Strateji Tədqiqatlar Mərkəzinin məlumatında bildirilir:
1. Zəngilan rayonunun 107 ha ərazisində yerləşən qoruq demək olar ki, yer üzündən silinib, çinarlıqlar hissə-hissə İran mebel fabriklərinə və başqa tikinti-sənaye komplekslərinə satılıb.
2. Ermənistanın hərbi hissələrinin qoruq ərazisinin 42 ha sahəsində yerləşdirilməsi nəticəsində ağaclar tamamilə məhv edilmişdir.
3. 2000-ci ildə 70 çinar ağacının hər biri 100 ABŞ dollarına Tehran qubernatoruna satılmışdır.
4.110 çinar ağacı kökündən çıxarılaraq, Göyçə (Sevan) gölünün sahillərinə və Yerevan şəhərinin ətrafına köçürülmüşdür.
5. Bəsitçay qoruğunun ərazisində 1995-1997-ci illərdə 89 nəfər erməni və 136 nəfər fars vərəmdən müalicə olunmuşdur.
Bu dövrdə qanunsuz yol tikintiləri, meşələrin kütləvi surətdə qırılması, bombardmanlar və yanğınlar nəticəsində Qazax, Tovuz, Zəngilan, Gədəbəy, Kəlbəcər, Xanlar, Qubadlı rayonlarının və DQMV-nin meşələrindən 0,5 mln-dan artıq ağac və kollar, 152 ədəd relikt ağac növləri, 13197,5 hektar qiymətli meşə sahələri, 665 hektar təbii bərpa meşələri, 75 hektar süni meşəsalma materialı, təbiət abidəsi statusu almış 5 geoloji obyekt vəhşicəsinə dağıdılmış, kommersiya məqsədləri üçün istifadə edilmişdir. Eləcə də üzümlük sahələri qırılaraq məhv edilmiş və beton dirəklərdən mühəndis istehkam işləri üçün istifadə edilmişdir.
Işğal altında olan torpaqlarda, xüsusilə Ağdam rayonu ərazisində Ermənistandan gətirilən radioaktiv tullantılar yerləşdirilir. DQ-da olan 250 min hektar meşə sahəsi nüvə tullantıları ilə çirkləndirilmişdir.
Kəlbəcər rayonu ucsuz-bucaqsız yüksək alp çəmənlikləri tanınmaz hala salınmışdır.
Daxili suları (çaylar və kanallar) yalnız həmin ərazilər deyil, ətraf ərazilərin də ekologiyasında mühüm rol oynayır. İşğal olunmuş ərazilərdən axan çayların hazırda ermənilər tərəfindən müxtəlif mənşəli tullantılarla və çirkab suları ilə çirkləndirilməsi faktları mövcuddur. Xonaşen, Qar-Qar çayı, Xaçınçayı, Tərtər çayı öz mənbələrini işğal olunmuş ərazilərdən götürür və həmin çaylara məişət tullantıları və çirkli sular axıdılır.
Naxçıvan Muxtar Respublikasının təbii mühitində mühüm rol onayan Araz çayının ekoloji vəziyyəti daha acınacaqlıdır. Belə ki, Ermənistan tərəfindən Araz çayının uzun illər boyu çirkləndirilməsi, qiymətli balıq növlərinin kökünün kəsilməsinə və azalmasına səbəb olmuşdur. Əvvəllər qeydə alınmış 21 balıq növünün son 10-15 il ərzində məhv olması nəticəsində 16 növə enməsi müəyyənləşdirilmişdir.
Zod yatağından qızılın təmizlənməsi sağlamlıq üçün təhlükəli olan sian qarışığı ilə aparılır, zəhərlənmiş su isə Araz çayına axıdılır. Bu isə Cənubi Qafqaz Regionunda Ermənistan tərəfindən torpağın, atmosferin və ekoloji tarazlığın pozulmasına zəmin yaradılır.

Füzuli rayonunun ərazisindən axan Köndələnçay və Quruçayın suyundan istifadə etmiş əhalinin bədənində dəri xəstəliklərinin yaranması faktları müşahidə edilmişdir. Buna səbəb ermənilər tərəfindən Füzuli rayonunun işğal altında olan Seyidmahmudlu və Qaraxanbəyli kəndlərinin arasında xüsusi laboratoriya təşkil etmişlər ki, həmin laboratoriyada yoluxucu xəstəliklərin tədqiqi ilə məşğul olurlar.
Sərsəng su anbarının texniki qurğularına xidmət göstərilmir, su rejiminə riayət olunmur. Su anbarı qəza vəziyyətində olduğu üçün su anbarından aşağıda yerləşən 400 min nəfər əhali təhlükə altında yaşayır. Bundan əlavə Sərsəng su anbarı işğal altında olandan bəri illik su sərfinin 85-90%-i su lazım olmayan vaxtlarda, xüsusi ilə qış aylarında buraxırlar.
Azərbaycan Respublikasının işğal altında olan Kəlbəcər rayonu ərazisindəki “İstisu” doldurularaq qablaşdırılır, doldurulmuş qabların üzərində isə Ermənistanın Cermuk yaşayış məntəqəsinin ərazisindəki bulaqlardan doldurulması barədə fars dilində məlumat və kimyəvi tərkibi yazılır.
Erməni millətçiləri işğal edilmiş Qarabağ ərazisində narkotik bitkilər əkərək həmin əraziləri terror yuvasına çevirmişlər.
Erməni işğalçıları tərəfindən təmas xəttində yerləşən Ağdam, Füzuli, Cəbrayıl, Tərtər və Xocavənd rayonlarının əraziləri düşünülmüş şəkildə od vurularaq yandırılmışdır. Yanğınlar ermənilərin nəzarətində olan min hektarlarla əraziləri əhatə etməklə bərabər, eyni zamanda, Azərbaycanın nəzarəti altında olan ərazilərə də yayılaraq ətraf mühitə və canlı təbiətə çox ciddi ziyan dəymişdir. Yanğınlar əkin və örüş sahələrini məhv edir, su ehtiyatlarının azalmasına səbəb olur.



Oxunub: 42326